Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir
Əlirza Quluncu
Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə söhbətində İran Azərbaycanında tutulan fəalların uzun müddət ailələrinə məlumat verilmədən nəzarətdə saxlanmalarının səbəbləri və təsirləri haqqında danışıb.
Mərdani deyib ki, hakimiyyət fəalları dünyadan təcrid edilmiş bir şəkildə nəzarətdə saxlayaraq sadəcə onlara qarşı deyil, onların ailə üzvləri, digər yaxınları və dostlarına da basqı tətbiq edir.
"Bu hakimiyyət istəyir göstərsin ki, siz haqqınızı istəsəniz, sadə deyək, itib batacaqsınız və heç kəsin xəbəri olmayacaq. Zorakılıq, repressiya və basqı ilə bir qorxu atmosferi yaradaraq hakimiyyətini ayaqda tutur. Hakimiyyət bununla istəyir insanlar düşünsün ki, siyasi fəaliyyətə girsələr onlara çoxa başa gələr. Onların da ailəsi basqılara məruz qalar, talelərindən xəbərsizlik olar və gələcəklərini itirərlər," sabiq siyasi məhbus bildirib.
O, fəalların saxlanılmasından bəri ailələri ilə birlikdə məruz qaldığı basqılara diqqət çəkərək deyib: "Fəalları həbs etdikləri zaman döyürlər. Ağır şərtlərdə saxlayırlar. Ailələr aylarca onlardan xəbərsiz qalır. Qanunda yazılan haqları da onlara verilmir. Vəkilsiz qalırlar. Qanunən onların icazəsi var ki, evlərinə zəng açıb və özləri ilə bağlı, sağlıq durumları ilə bağlı məlumat versinlər. Amma bu icazə verilmir. Ailələrə gəlincə, bir çox basqıya məruz qalırlar, təhdid olurlar."
Sabiq siyasi məhbus hesab edir ki, ailələri övladlarından xəbərsiz saxlayaraq "onların tələblərinin səviyyəsini aşağı çəkmək" istəyirlər.
"Gedib mənim övladım haradadır deyən ailələr cavab yerinə bir də təhdidlərlə üzləşir. Nə üçün? Çünkü İran hakimiyyəti istəyir ki, artıq onların belə tələbi olmasın ki, mənim günahsız övladımı niyə sadəcə haqqını tələb etdiyi üçün tutubsunuz? Hakimiyyət istəyir onların tələbini endirsin buna ki, siz Allah, icazə verin biz bir dəfə onunla danışaq!"
Əmir Mərdani İran hakimiyyətinin bu siyasətinə qarşı ailələrin övladlarının şəraiti ilə bağlı məlumat yaymalarının vacib olduğunu vurğulayır.
"Əslində elə ailələrin saxlanılan övladları haqqında bilgi paylaşmasıdır ki, bəlkə hakimiyyəti geri oturtmağa məcbur edə bilər," o bildirib.
"İran hakimiyyəti bir fəalı saxladığı zaman bir onun özünə basqı edir, bir də eşikdə onun yaxınlarına. Onun özünü içəridə tamamən həbsxana xaricindəki dünyadan təcrid edir və xəbərsiz saxlayır. Həbsxana xaricində də ona yaxın olanlara basqı gətirir ki, amandır bu məhbusla bağlı heç bir bilgi verməyin. Çünki, bu xəbərsizliklə bir qorxu fəzası yaradır... bu qorxu atmosferini sındırmaq üçün ailələrə bunu çardırmalıyıq ki, əgər istəyirsiniz həbsdəki övladınızdan xəbərdar olasınız, İran hökümətinə ən başda basqı bu ola bilər ki, biz o məhbus haqqında danışaq və onların məsələsini dünyaya çatdıraq", siyasi fəal əlavə edib.
https://www.amerikaninsesi.org/a/7323260.html
آمئریکا سسی ایله دانیشیق؛ امیر مردانی: ایران حاکمیتی حبس ائتدیی فعاللاردان علاوه اونلارین یاخینلارینا دا تضییق ائدیر
آپاریجی: علیرضا قولونجو
سیاسی فعال امیر مردانی آمئریکانین سسینه صحبتینده ایران آذربایجانیندا توتولان فعاللارین اوزون مدت عائلهلرینه معلومات وئریلمهدن نظارتده ساخلانمالارینین سببلری و تأثیرلری حاقیندا دانیشیب.
مردانی دئییب کی، حاکمیت فعاللاری دونیادان تجرید ائدیلمیش بیر شکیلده نظارتده ساخلایاراق سادهجه اونلارا قارشی دئییل، اونلارین عائله عضولری، دیگر یاخینلاری و دوستلارینا دا باسقی تطبیق ائدیر.
"بو حاکمیت ایستییر گؤسترسین کی، سیز حاقینیزی ایستهسهنیز، ساده دئیک، ایتیب باتاجاقسینیز و هئچ کسین خبری اولمایاجاق. زوراکیلیق، رئپرئسسییا و باسقی ایله بیر قورخو آتموسفئری یاراداراق حاکمیتینی آیاقدا توتور. حاکمیت بونونلا ایستییر اینسانلار دوشونسون کی، سیاسی فعالیته گیرسهلر اونلارا چوخا باشا گلر. اونلارین دا عائلهسی باسقیلارا معروض قالار، تالئلریندن خبرسیزلیک اولار و گلهجکلرینی ایتیررلر،" سابیق سیاسی مهبوس بیلدیریب.
او، فعاللارین ساخلانیلماسیندان بری عائلهلری ایله بیرلیکده معروض قالدیغی باسقیلارا دقت چکهرک دئییب: "فعاللاری حبس ائتدیکلری زامان دؤیورلر. آغیر شرطلرده ساخلاییرلار. عائلهلر آیلارجا اونلاردان خبرسیز قالیر. قانوندا یازیلان حاقلاری دا اونلارا وئریلمیر. وکیلسیز قالیرلار. قانونهن اونلارین ایجازهسی وار کی، ائولرینه زنگ آچیب و اؤزلری ایله باغلی، ساغلیق دوروملاری ایله باغلی معلومات وئرسینلر. اما بو ایجازه وئریلمیر. عائلهلره گلینجه، بیر چوخ باسقییا معروض قالیرلار، تهدید اولورلار."
سابیق سیاسی مهبوس حساب ائدیر کی، عائلهلری اؤولادلاریندان خبرسیز ساخلایاراق "اونلارین طلبلرینین سوییهسینی آشاغی چکمک" ایستییرلر.
"گئدیب منیم اؤولادیم هارادادیر دئیهن عائلهلر جاواب یئرینه بیر ده تهدیدلرله اوزلشیر. نه اوچون؟ چونکو ایران حاکمیتی ایستییر کی، آرتیق اونلارین بئله طلبی اولماسین کی، منیم گوناهسیز اؤولادیمی نیه سادهجه حاقینی طلب ائتدیی اوچون توتوبسونوز؟ حاکمیت ایستییر اونلارین طلبینی ائندیرسین بونا کی، سیز الله، ایجازه وئرین بیز بیر دفعه اونونلا دانیشاق!"
امیر مردانی ایران حاکمیتینین بو سیاستینه قارشی عائلهلرین اؤولادلارینین شرایطی ایله باغلی معلومات یایمالارینین واجیب اولدوغونو وورغولاییر.
"اصلینده ائله عائلهلرین ساخلانیلان اؤولادلاری حاقیندا بیلگی پایلاشماسیدیر کی، بلکه حاکمیتی گئری اوتورتماغا مجبور ائده بیلر،" او بیلدیریب.
"ایران حاکمیتی بیر فعالی ساخلادیغی زامان بیر اونون اؤزونه باسقی ائدیر، بیر ده ائشیکده اونون یاخینلارینا. اونون اؤزونو ایچریده تامامهن هبسخانا خاریجیندهکی دونیادان تجرید ائدیر و خبرسیز ساخلاییر. هبسخانا خاریجینده ده اونا یاخین اولانلارا باسقی گتیریر کی، آماندیر بو مهبوسلا باغلی هئچ بیر بیلگی وئرمیین. چونکی، بو خبرسیزلیکله بیر قورخو فزاسی یارادیر... بو قورخو آتموسفئرینی سیندیرماق اوچون عائلهلره بونو چاردیرمالیییق کی، اگر ایستییرسینیز حبسدهکی اؤولادینیزدان خبردار اولاسینیز، ایران حکومتینه ان باشدا باسقی بو اولا بیلر کی، بیز او مهبوس حاقیندا دانیشاق و اونلارین مسئلهسینی دونیایا چاتدیراق"، سیاسی فعال علاوه ائدیب.
https://www.amerikaninsesi.org/a/7323260.html