Milli hərəkat, bir xalqın öz hüquqlarını, mədəni kimliyini, milli varlığını və azadlığını qorumaq məqsədilə ortaya çıxan bir hərəkətdir. Əsasən millətin içindən doğan bu hərəkat, xalqın çətin vəziyyətlərə qarşı toplu mübarizəsini əks etdirir. Tarix boyu müxtəlif xalqlar milli hərəkat vasitəsilə xarici işğalçılara, daxili zülmə və haqsızlıqlara qarşı mübarizə apararaq öz varlıqlarını qorumağa və müstəqillik əldə etməyə çalışmışlar.

İranın faşist rejimi uzun illərdir milli azlıqların mədəni, sosial və iqtisadi hüquqlarını məhdudlaşdıran siyasətlər yürütməkdədir. Milli azlıqların təhsil, dil, mədəniyyət və siyasi təmsilçilik kimi hüquqları sistematik şəkildə pozulmuşdur. Bu da milli hərəkatların formalaşmasını və güclənməsini çətinləşdirir. Azərbaycanlılar və digər türkdilli qruplar, İran siyasi və sosial sistemində "ikincil vətəndaş" kimi görünərək, öz hüquqlarını müdafiə etmək üçün mübarizə aparmağa məcbur qalırlar. Rejimin təzyiqləri, müstəqil mədəni və siyasi hərəkatların formalaşmasını əngəlləməklə yanaşı, milli kimlik şüurunun inkişafını da ləngidir.

Eyni zamanda, iqtisadi problemlər milli hərəkatın güclənməsinin qarşısında duran digər əsas maneələrdən biridir. İranın iqtisadi qeyri-bərabərliyi və çətinlikləri, xüsusilə azlıqların yaşadığı bölgələrdə daha kəskin hiss olunur. İşsizlik, yoxsulluq və altyapıların çatışmazlığı milli hərəkatın xalq arasında geniş dəstək qazanmasına maneə törədir, çünki sosial-iqtisadi problemlər insanların əsas gündəminə çevrilir.

Gücümüz birliyimizdir

Milli hərəkatın uğuru üçün ən vacib faktor xalqın birliyidir. Xalq vahid bir məqsəd ətrafında birləşmədikcə, milli hərəkat geniş dəstək ala və təzyiqlərə qarşı dayana bilməz. Xalqın milli hərəkatın məqsədlərinə inanması və bu hərəkatı öz maraqları kimi görməsi üçün milli kimlik və mədəniyyətin əhəmiyyəti vurğulanmalıdır. Tarix göstərir ki, müstəqillik uğrunda mübarizə aparan xalqların ən böyük gücü birlikdir.

İrəliləmək üçün milli hərəkat müxtəlif sosial təbəqələri, dini və etnik qrupları, intellektualları və gəncləri birləşdirməlidir. Azərbaycanlılar və digər azlıqlar arasında bu birliyi yaratmaq üçün ortaq dəyərlərə, mədəniyyətə və milli kimliyə əsaslanan ideoloji bir çərçivə formalaşdırılmalıdır. Xalq arasında milli şüurun güclənməsi, hərəkatın təkcə siyasi deyil, eyni zamanda mədəni və sosial olaraq da irəliləməsinə şərait yaradar.

Təşkilatlanmanın Əhəmiyyəti

Milli hərəkatın güclü təşkilatlanması onun uğuru üçün əsas faktordur. Zəif təşkilatlanma daxili güvənsizlikləri artırır və hərəkatın davamlılığına zərər verir. Güclü və mərkəzləşdirilmiş təşkilat, milli hərəkatın məqsədlərinin daha sistemli və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Xalq arasında birlik və əlaqələrin güclənməsi, güvənsizlikləri aradan qaldırmağa kömək edir.

Və ən önəmlisi təşkilatlanmada şəffaflıq və doğru bilgi axını güvənin artmasına səbəb olub və xalqın hərəkatın məqsədlərinə olan inancını artıracaqdır.

Güclü təşkilat milli mübarizəni vahid bir strategiya altında yönləndirərək daxili və xarici təzyiqlərə qarşı daha güclü müqavimət göstərə bilər. Hərəkat daxilində müxtəlif qrupların koordinasiyalı şəkildə fəaliyyət göstərməsi, xalqın kollektiv gücünü artıracaqdır.

Milli hərəkatın uğuru üçün digər vacib məqam ideoloji birlikdir. Milli hərəkat təkcə siyasi deyil, həm də sosial, mədəni və iqtisadi dəyişikliyi tələb edir. Fərqli sosial təbəqələrin milli maraqları ortaq bir çərçivədə qəbul etməsi, hərəkatın geniş xalq dəstəyi almasına səbəb olur. Bununla yanaşı, milli hərəkat daxilində ideoloji ziddiyyətlərin yaranmasının qarşısını almaq üçün dialoq və anlaşma mühiti yaradılmalıdır. Müxtəlif qrupların vahid məqsəd uğrunda birləşməsi, mübarizənin güclənməsinə şərait yaradar.

Sonuc olaraq milli hərəkatın uğur qazanması üçün xalqın birliyi, güclü təşkilatlanma və ideoloji oybirliyi vacibdir. İranın basqıcı rejimi kimi xarici təzyiqlərə qarşı dayana bilmək üçün bu daxili faktorların gücləndirilməsi əsas şərtdir. Xalqın milli hərəkatın məqsədlərinə inanması və bu məqsədlər uğrunda birləşməsi, hərəkatın uzunmüddətli uğurunu təmin edəcəkdir.

Milli azadlıq, mədəni hüquqların qorunması və sosial ədalət kimi əsas məqsədlər yalnız xalqın həmrəyliyi ilə irəliləyə bilər. Güclü təşkilatlanma və ideoloji birlik, milli mübarizənin davamlılığını təmin edərək həlledici rol oynayacaqdır.