Azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan Marağa zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.
Məlikanlı fəal fevralın 21-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında azad edilib.
Fəal məsulların yalan vədi və barəsində çıxarılan 300 milyon tümənlik mülki vəsiqə qərarına etiraz olaraq yanvarın 31-də ağzını və dodaqlarını tikib aclıq aksiyasına başladığını elan etmişdir. O simvolik olaraq zindan məsulların təhqirlərini eşitməsin deyə qulaqlarını da tikmişdir.
M.Kuxiyan dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəalın, idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası, bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlandığı bildirilir.
M.Kuxiyan “Məlikan şəhər xəbəri” Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.
Qeyd edək ki, qanunsuz saxlanıldığına görə 2016-cı il dekabrın 21-də Marağa zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlayan fəal bir həftə sonra Təbriz “Sepah” Şöbəsinin təhlükəsizlik bölümünə köçürülmışdür. “Sepah”ın təknəfərlik məhbəsində saxlanılan fəal yanvarın 22-də digər azərbaycanlı fəal Səccad Əfruziyanla birlikdə yenidən Marağa zindanına qaytarılıb. Məlumata görə, “Sepah” təcridxanasında fəalı dindirən məmurlar, 3 gün sonra onun ağzını zorla açıblar, lakin o Marağa zindanına qaytarılanadək aclıq aksiyasını davam etdirib.
Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.