Qoşaçayın Üçtəpə kəndində baş verən silahlı qarşıdurmada tutulan 3 əhli-haqq təriqətinə mənsub soydaşımız 12 il həbsdən sonra Yəzd zindanından azadlığa buraxılıb. 

Məlumata görə, Bəxşəli Məhəmmədi, Səhəndəli Məhəmmədi və İbadulla Qasimzadə fevralın 2-də həbsxanadan sərbəst buraxılıb. Həmin dosye ilə bağlı tutulan Yunis Ağayan isə hələ də Mahabad (Soyuqbulaq) həbsxanasında saxlanılır.

Adı çəkilən məhbuslar 2004-cü il noyabrın 3-də təhlükəsizlik qüvvələri ilə yaşanan qarşıdurmada saxlanılıb. Qarşıdurma hökumət qüvvələrinin əhli-haqq təriqətinə qarşı təhqir və hörmətsizliyindən sonra baş verib.

Mahabad İnqilab Məhkəməsinin 1-ci Şöbəsi qanunsuz silah saxlamaq və daşımaq, həmçinin sistemə qarşı qiyam etmək ittihamı ilə Bəxşəli Məhəmmədi, Səhəndəli Məhəmmədi və İbadulla Qasimzadəni edam cəzasını məhkum etmişdir. Lakin məhkəmə hökmü sonralar Ali Məhkəmədə Yəzd zindanına sürgün edilərək 13 il həbs cəzası ilə əvəzlənib. Sonralar Yəzd məhkəməsi, rəhbəri təhqir etmək və Urmiyə zindanında saxlanılarkən yalan məlumat yaymaq ittihamı ilə məhbusları daha 3 il həbs cəzasına məhkum edib, bununla da onların hər biri 16 il azadlıqdan məhrum edilib.

Həmin dosye ilə bağlı tutulan Mehdi Qasimzadə və Yunis Ağayan isə “müharib” ittihamı ilə ölüm cəzasına məhkum edilib. Mehdi Qasimzadənin ölüm hökmü 2009-cu il fevralın 28-də Urmiyə zindanında icra olunub, lakin Yunis Ağayanın edam cəzası sonralar ömürlük həbslə əvəzlənib. O Hazırda Mahabad zindanında məhbus həyatı yaşayır.

 Azerbaijan