“Urmu gölü böhranı Məlikana 1 milyard 500 milyon rial ziyan vurub.”
Bunu Məlikanın İran parlamentindəki millət vəkili Salman Xudadadi fevralın 13-də Məlikanda deyib.
O bu barədə Qaraçal kəndinin bağları üçün nəzərdə tutulan damcı üsulu ilə suvarma sistemi layihəsinin icrasına başlanması münasibəti ilə keçirilən tədbirdə danışıb. “Urmu gölü böhranı 6 min hektardan çox əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan Leylançay bəndi layihəsinin dayandırılmasına səbəb olub. Bu layihə üzrə işlərin 70 faizi icra olunmuşdur, onun üçün 1 milyard 500 milyon rialdan çox vəsait də xərclənmişdir. Lakin layihənin icrası Urmu gölü böhranı ilə əlaqədar 2 il öncədən təmami ilə dayandırılıb”- deyə o qeyd edib.
Millət vəkili əlavə edib ki, “Məlikana dəyən ziyan Urmu gölünə ayrılan büdcə vəsaiti hesabına kompensasiya edilməlidir. Yalnız belə olan halda, əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində yeni addımlar atmaq mümkündür.”
Məlikan Şəhər İcra Hakimiyyətinin başçısı (fərmandar) isə bölgədə damcı üsulu ilə suvarma sisteminin olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu üsul bağ sahələri üçün ideal suvarma üsuludur. Biz bu şəkildə suyun hədər yerə axıdılmasının qarşısını alıb və həmin suyu Urmu gölünə yönəldə bilərik”- deyə Məhəmməd Baqir Xani vurğulayıb.