AzoH: Fevralın 26-da Batı Yötaland Azərbaycan Evi Birliyi İsveçin Yöteburq şəhərində Xocalı soyqırımının 25 illiyi münasibətilə “Xocalı soyqırımı – 25” adlı konfrans keçirdi. Əllidən çox soydaşımızın qatıldığı konfrans Azərbaycanın milli himni ilə açılmış, Xocalı soyqırımını canlandıran bədii filmin bəzi fraqmentlərini izlədikdən sonra Xocalı və Bütöv Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransın aparıcısı Cavanşir Cəfərov qısa giriş sözü söyləmiş, sonra söz çıxışçılara verilmişdir. Çıxış edənlər – Əmir Mərdani, Arif Rəhimoğlu, Ülviyyə Rüstəmova, Rasim Cabbarov, Mahmud Bilgin, Vüsalə Əliyeva, Şəfa Hacıyeva, Qulamrza Zareyi, Firudin Ələsgərov, Azər Kazımlı və Eldar Qaradağlı Xocalı soyqırımını XIX yüzilin sonu – XX yüzilin başlarından bəri Azərbaycan xalqına qarşı törədilən Rusiya dəstəkli Erməni faşizminin yürütdüyü cinayətkar siyasətin bir bəlirtisi kimi dəyərləndirdilər. Azərbaycanın həm quzeyində, həm də güneyində yürüdülmüş bu cinayətkar siyasət səbəbinə Xocalı da daxil ən azı beş yüz minədək Azərbaycan Türkü vəhşicəsinə qətlə yetirilmişdir. Xocalı soyqırımı günümüzdə baş verdiyi üçün artıq yüz ildən çox tarixi olan bu cinayətkar siyasətin simvoluna çevrilməkdədir. Azərbaycana qarşı yürüdülən həmin cinayətkar siyasətin Güney Azərbaycanda soyqırımla yanaşı, həm də boyqırım (kültürəl soyqırım) olaraq Fars şovinizminin əli ilə bu gün də davam etdirilməsi üzərində ayrıca durulmuşdur.
Çıxışçılar Azərbaycanın haqq səsini dünyaya, o sıradan İsveçə duyura bilmək üçün təşkilatlanmanın, gəncliyimizin milli ruhda yetişdirilərək kadrlaşmasının, güneyli-quzeyli Bütöv Azərbaycan olaraq birgə fəaliyyətimizin vacibliyini vurğulamışlar. Çıxışçılardan Ülviyyə xanım və Vüsalə xanım həm də Xocalıya həsr olunmuş təsirli şeirlər söyləmiş, Şəfa xanım isə gənclərimizin fəallaşması və təşkilatlanması ehtiyacı ilə bağlı maraqla qarşılanan fikirlər irəli sürmüşdür.
Sonda konfrans iştirakçıları İsveç parlamentinə, İsveçin bütün siyasi partiyalarına və insan haqlarını qoruma təşkilatlarına yönəlik qətnamə qəbul etmiş, onları Xocalı soyqırımına ictimai-siyasi qiymət verməyə və onu rəsmən soyqırım kimi tanımağa çağırmışlar.