İranda azərbaycanlıların milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə 7 aydan çoxdur Tehranın Evin zindanında saxlanılan tanınmış fəal Siyamək Mirzayiyə dəstək məqsədilə divarlara posterlər yapışdırılıb.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, son günlər Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində üzərində Siyamək Mirzayinin şəkilləri olan posterlər yapışdırılaraq onun azadlığa buraxılması tələb edilib.
Tehran inqilab məhkəməsi azərbaycanlı dinc fəal Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib. Fəal, hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılanılır.
Məhkəmə hakimi Bəhram Həsəni azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girovu qoyulmasını tələb edib. Siyamək Mirzayinin vəkilləri isə təyin edilən vəsiqə məbləğinin azaldılmasına çalışırlar. Lakin hələ ki, onların bu cəhdi nəticəsiz qalıb.
Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.