Əhərdə daha 3 azərbaycanlı milli-mədəni fəalın İnqilab Məhkəməsinə çağırıldığı bildirilir.

Məcid Nağızadə, Süleyman Kazimi və Murtaza Səfəri özlərini müdafiə etmək üçün məhkəmə prosesinin son iclasına çağırılıb. Məlumata görə, fevralın 27-i və 28-də çağırış vərəqəsini təhvil alan fəallar 5 gün ərzində İnqilab Məhkəməsinə müraciət etməlidilər.

Fəallar sistemin əleyhinə təbliğ etmək və hökumətə qarşı yığıncaq keçirməkdə ittiham olunur.

M.Nağızadə, S.Kazimi və M.Səfəri 2015-ci il noyabrın 12-də Əhər şəhərində məlum “Fitilə” verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyası zamanı onlarla soydaşımızla birlikdə yaxalanıb bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

Saytımızda İran televiziyasında irqçilik zəminində yayılan “Fitilə” verilişinə etiraz edənlərdən daha ikisinin məhkəməyə çağırıldığı barədə məlumat yayılıb. Fevralın 28-də çağırış vərəqəsini təhvil alan Əlirza Çəngizi və Arəş Cəfəri 5 gün ərzində Əhərin İnqilab Məhkəməsinə müraciət edib məhkəmə prosesinin son iclasında iştirak edəcəklər.

 Azerbaijan