Azərbaycanlı milli-mədəni fəal Şapur Nüsrətpur Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırılıb.

Çağırış vərəqəsinə əsasən, ərdəbilli fəal aprelin 12-də yerli vaxtla saat 9:30-da məhkəməyə müraciət etməlidir, o “ölkə təhlükəsizliyini pozmağa çalışan müxalif qruplara üzv olmaq”da günahlandırılır.

Şapur Nüsrətpur 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü mərasimində tutulanlar arasında olub. Həmin mərasimdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silahla mərasimin keçirildiyi evə daxil olaraq çox sayda fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılmışdır.

Xatırladaq ki, İran rejimi son aylarda azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Ötən günlərdə çox sayda fəalın İnqilab Məhkəməsinə çağırılması onlara qarşı edilən təzyiqin tərkib hissəsidir.

 Azerbaijan