Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırılıb.
Çağırış vərəqəsinə əsasən, əhərli fəal aprelin 12-də yerli vaxtla saat 9:30-da məhkəməyə müraciət etməlidir, o “ölkə təhlükəsizliyini pozmağa çalışan müxalif qruplara üzv olmaq”da günahlandırılır.
İbrahim Nuri 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü mərasimində tutulanlar arasında olub. Həmin mərasimdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silahla mərasimin keçirildiyi evə daxil olaraq çox sayda fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılmışdır.
Qeyd edək ki, son vaxtlar İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri artıb. Ötən Beynəlxalq Ana Dili Günü ərəfəsində Tehranda 4 azərbaycanlı fəalın 45 il həbs və 8 il sürgün edilmə cəzasına məhkum edilməsi və son günlərdə çox sayda fəalın İnqilab Məhkəməsinə çağırılması azərbaycanlı fəallara qarşı edilən təzyiqin tərkib hissəsidir.