“Urmiyə Kitab Sərgisi”nin keçirildiyi zaman bir Tehran nəşriyyat evi tərəfindən “Qərbi Azərbaycan” adı təhrif edilib, buna etiraz edən azərbaycanlı jurnalist qarşı tərəfin hücumuna məruz qalıb.
““Urmiyə Kitab Sərgisi”nin keçirildiyi zaman “Nimaj” adlı Tehran nəşriyyat evi urmiyəli şair Röya Şahhüseynzadənin “Zəngin səsi eşildildi” kitabını təqdim edib. Kitabın təbliğ posterində “Qərbi Azərbaycan Vilayəti” yerinə “Urmiyə Vilayəti” sözü istifadə olunub. “Yol Press”in müxbiri kitabın müəllifinə yaxınlaşaraq özünü təqdim etdikdən sonra ondan müsahibə almaq istədiyini bildirib. Müəllif isə müsahibə vermək istəməyib. Bundan sonra “Yol Press”in müxbiri bəyan edib ki, “bildiyiniz kimi, vilayətin adı “Qərbi Azərbaycan”dır və bu adı təhrif edərək “Urmiyə Vilayəti” yazmaq terrorçu qruplaşmaların xeyirinədir və s. Bu sözlərdən sonra kitab müəllifi müxbiri casus adlandıraraq onun mərasimdə iğtişaş yaratmaq niyyətində olduğunu bildirib. Buna baxmayaraq müxbir müsahibə almağa yenidən cəhd göstərib, lakin bu dəfə o kitabı təqdim edən bölümün məsulları tərəfindən fiziki hücuma məruz qalıb və təhqiramiz ifadələrlə üzləşib. Onlar bildirib ki, “biz bilərəkdən “Urmi vilayəti” yazdıq. Bunun sizlə heç bir əlaqəsi yoxdur. Siz bir mədəniyyətsiz pantürkistsiniz, buradan rədd ol və... (dilə gətirilən söyüşləri yazmaq mümkün deyil). Farsca şeir yazan urmiyəli bir gənc şair isə müxbirlə yanaşı ona dəstək verən digər sərgi iştirakçılarını da pis söyüşlərlə təhqir edib”- deyə “Yol Press”in dərc etdiyi məlumatda qeyd olunub.
Xatırladaq ki, qədim Urmiyə şəhəri, Qərbi Azərbaycan Vilayətinin mərkəzidir. Lakin bəzi anti-Azərbaycan qüvvələr bu vilayətin üzərindən “Azərbaycan” sözünü götürməyə və bu vilayəti parçalamağa çalışırlar. Ötən günlərdə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Burada çoxlu etniklər yaşayır, lakin hamı bilsin ki, bura Azərbaycandır” deyərək anti-Azərbaycan qüvvələrinə xəbərdarlıq etmişdir.