İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə 10 il həbsə məhkum edilən fəal Siyamək Mirzayinin durumu ilə bağlı yeni məlumat yayılıb.
Azərbaycanlı fəalın vəkillərindən biri aprelin 8-də hüquq müdafiəçilərinə bildirib ki, Tehran Apellyasiya məhkəməsinin 36-cı bölməsində hakim Zərgərin rəyasəti ilə keçirilən iclasda, Siyamək Mirzayinin işinə (dosyesinə) baxacaq şöbə təyin edilib. Təyin edilən şöbə haqqında ətraflı məlumat verməkdən imtina edən vəkil, fəalın işinə baxılacaq tarixi açıqlamayıb.
“ETTELAAT” əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Onun mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.
Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib. Fəal, hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılanılır.
Məhkəmənin hakimi Bəhram Həsəni, Siyamək Mirzayinin müvəqqəti azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girov qoyulmasını tələb etsə də, fəalın vəkilləri təyin edilən vəsiqə məbləğinin azaldılmasına çalışırlar. Lakin, onların bu cəhdi hələ ki, nəticəsiz qalıb.