Muğanda Aqrosənaye Şirkətinin fəaliyyət göstərdiyi məntəqədə yerləşən bir neçə kəndin əhalisi bölgənin ağır vəziyyəti ilə bağlı etiraz yığıncağı keçiriblər.
Nəcəfkəndi, Hezarkəndi, Səfərli və Musalı kəndlərinin əhalisi aprelin 9-da şirkətin mərkəzi ofisinə yaxın bir yerdə ona məxsus yük maşınlarının hərəkət etdiyi yolu bağlayıb və təxminən 3 saat maşınların hərəkət etməsinə icazə verməyiblər. Aksiyaçılar şirkətin fəaliyyət göstərdiyi bölgədə yerləşən kəndlərin yeni yaşayış məntəqələrinə köçürüləcəyi bəhanəsi ilə bütün imkanlardan məhrum edildiyinə kəskin etiraz ediblər. Onların sözlərinə görə, sözügedən kəndlərdə uzun illərdir abadlaşdırma işləri aparılmır, bölgə əhalisi ən ibtidai imkanlardan məhrumdur.
Aksiya iştirakçıları üzərində etiraz şüarları yazılmış plakatlar qaldıraraq səlahiyyətli orqanları bu qeyri-müəyyənliyə son qoymağa çağırıblar.
Oxşar etiraz aksiyası martın 28-də Parsabad Şəhər İcra Hakimiyyəti qarşısına keçirilmişdir.