Urmu gölü böhranının qarşısını almaq üçün nəzərdə tutulan işlərin 80 faizi icra olunmayıb.
Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma İşləri üzrə müdiri Məsud Təcrişi “Təsnim” xəbər agentliyinə danışıb.
“Cari ildə (hicri-şəmsi təqvimi ilə hazırda 1396-cı ildir) Urmu gölü böhranı ilə bağlı görüləcək işlərin 80 faizi ötən il həyata keçirilməyən işlərlə bağlı olacaq. Ötən il göl üçün ayrılan 300 milyard tümən büdcə vəsaitindən sadəcə 30 milyard tüməni nağd şəklində ödənildi, bu səbəbdən nəzərdə tutulan işlərin həyata keçirilməsinə imkan olmadı”- deyə o bildirib.
Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma İşləri üzrə müdiri qeyd edib ki, cari ildə əsasən duz fırtınalarının kontrolu və suya qənaət məqsədi ilə əkinçilik sahəsində yeni suvarma üsulları üzərində işləniləcək.
“Yaxın günlərdə Urmiyə universitetində daxili və xarici mütəxəssislərin iştirakı ilə konfrans keçiriləcək. Konfransda Urmu gölü ilə bağlı son elmi araşdırmaların nəticəsi açıqlanacaq. Çalışılacaq ki, mütəxəssislər mövzunu müzakirə edib və ortaq məxrəcə gəlsinlər”- deyə M.Təcrişi əlavə edib.