Bu günlərdə Zəncanın Ənquran bölgəsində yerləşən qurğuşun və sink mədəninin ixtisara düşmüş işçiləri və ətrafdakı kəndlərin əhalisi tərəfindən keçirilən etiraz mitinqləri media və hüquq müdafiəçilərinin gündəmindədir.
İLNA agentliyinin (Iranian Labour News Agency) xəbərinə görə, kəndlilər işçi ixtisarının yerlilərin işdən çıxarılması ilə başladığına etiraz edirlər.
“Sağırçı, Şıxlar və Qalacıq kəndlərinin əhalisi deyir ki, qurğuşun və sink mədəninin törətdiyi hava çirkliyinin zərərini biz çəkirik, lakin ilk ixtisara düşən fəhlələr də biz oluruq,” deyə etirazlarla bağlı şəkillər yayımlayan Şəmim Mahnişan veb səhifəsində dərc edilib.
Veb səhifənin bildirdiyinə görə, “mədənin fəaliyyətləri üzündən ortaya çıxan çətinliklər o cümlədən, sağalmaz xəstəliklər, habelə partlayışlar səbəbi ilə evlər, otlaqlar və çəmənliklərin təxrib edilməsi yerli əhaliyə zərər vurur. Ancaq yerlilər işsiz ikən, mədənin başqa bölgələrdən gətirdiyi işçilər iş başındadırlar.”
İLNA-ya istinadən, keçən iki il ərzində Ənquran mədəninin 200 fəhləsi ixtisara düşüb.