Urmiyə universitetində seçkilərlə bağlı hazırki hakimiyyətin müxalifləri və tərəfdarları arasında münazirə keçirilib.
Universitetin Öyrənci Bəsici Qurumunun təşəbbüsü ilə keçirilən münazirədə öyrəncilərin sərbəst çıxışı üçün vaxt ayrılıb. Münazirədə Daryuş Qənbəri hakimiyyət tərəfdarı və Qasim Rəvanbəxş hakimiyyətə müxalif tərəf kimi çıxış ediblər. Onlar Həsən Ruhani hakimiyyətinin xarici siyasətini müzakirə ediblər.
Vaxt öyrəncilərə çatınca azərbaycanlı öyrənci fəal Əli Dərqahi tribuna arxasına keçib.
“Vaxt az olduğundan, həmçinin son 40 il müddətində mühafizəkarlar və islahatçıların Azərbaycana heç və heç diqqət yetirməməsi və bu məsələnin müzakirəyə çıxarılmaması səbəbindən mən bir başa mövzuya keçirəm: Bu, Azərbaycan məsələsidir. Lakin vurğulamalıyam ki, mərkəzdəkilərin və onların tərəfdarlarının istəyinə rəğmən biz hələ də yorulmamışıq və sonuna qədər gedəcəyik”- deyə azərbaycanlı mədəni fəal çıxışının başlanğıcında deyib.
“Azərbaycan məsələsində keçmiş hakimiyyətlər bir-biri ilə ciddi bir şəkildə fərqlənmir. Ona görə də bilmirəm sözlərimi haradan başlayım! Hansı hakimiyyətdən bəhs edim! Sənaye və mədən sahəsi üçün Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindən 324 dəfə çox Kirmana büdcə vəsaiti ayıran cənab Haşiminin hakimiyyətindən başlayım! Yoxsa 2 min milli layihədən birini də Azərbaycana tətbiq etməyən islahat seyidinin hakimiyyətindən! Eləcə də cənab Əhmədinəjadın hakimiyyəti. Hansıki onun ədaləti yalnız İsfahan vilayətinə nəsib oldu. Cənab Ruhaninin hakimiyyətinə gəlincə yenə də vəziyyət dəyişmir. Bu hakimiyyət konstitusiyanın 15-ci (ana dilinin tədrisi ilə bağlıdır) maddəsinin icra edilməsi ilə bağlı yalan vəd verdi, lakin heç nə etmədi. Hakimiyyət türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına dair verilən vədi yerinə yetirmək əvəzinə heç bir işə yaramayan qurum yaratdı və bununla da biz türklərin gözündən pərdə asmağa çalışdı.
Hansı yalanlardan danışım?! Hökumətin Azərbaycanın başına gələn fəlakətlərə laqeyd yanaşmasından?! Yoxsa hollywood filmindən bəhs etməyi fəlakətə məruz qalan Azərbaycandan daha mühum tutan Teleradio şirkətindən?! Bəlkə “Plasko” binasında ölənləri daha üstün tutanlardan bəhs edim?!
Problem Rzaxan dövründən miras qalmış faşizm təfəkküründən qaynaqlanır. Lakin bizim məqsədimiz gileylənmək deyil. Biz aciz bir şəkildə xahiş etmirik. Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabanı və Mir Cəfər Pişəvəri qiyamlarını görən Azərbaycan heç də aciz vəziyyətdə deyil. Azərbaycan sübut edib ki, lazım olduğunda özü öz başının çarəsinə baxa bilir və bu proses artıq başlayıb. Azərebaycan artıq başqa bir üsulla hərəkət edir, bunun xülyalarla yaşayan islahatçılar və mərkəzin üsulu ilə heç bir əlaqəsi yoxdur”- deyə Əli Dərqahi çıxışının bir hissəsində qeyd edib.
Məlumata görə, azərbaycanlı mədəni fəal çıxış edərkən problem yaratmaq məqsədi ilə mikrofon söndürülüb, bu, salondakı bütün öyrəncilərin etirazına səbəb olub.