Əmir Mərdani prezident seçkilərini boykot edib amma şura seçkilərində iştirak etməyin və ya əhalini bəzi şəhərlərdə səs verməyə, digər şəhərlərdə isə qatılmamağa çağırmağın ziddiyyətli bir siyasət olduğunu və Azərbaycan Milli Hərəkatına zərər verə biləcəyini ifadə edir. AZOH veb səhifəsinin redaktoru Amerikanın Səsi ilə söhbətdə qarşıdan gələn prezident və şura seçkilərinə dair türk fəalların münasibətini və fəaliyyətlərini dəyərləndirib.
Əmir Mərdani milli hərəkata mənsub qrupları seçkilərə dair münasibətlərinə görə üç kateqoriyaya ayırır.
“Seçkilərə dair baxışları üç kateqoriyaya bölmək olar: seçkilərdə iştirak edək, gedək səs verək; ya səs verməyək sadəcə yaranmış fürsətdən yararlanaq; ya da bütünlüklə boykot edək, yəni nə yaranmış atmosferdən istifadə edək, nə də gedib səs verək,” deyə o söyləyir.
Mərdani həmçinin bəzi fəalların seçkilərlə bağlı ziddiyyətli fikirlər səsləndirdiyini önə çəkir. Onun fikrincə, bu növ fikirlər milli hərəkatın qeyri-ciddi görünməsinə səbəb ola bilər:
“Bəzən görünür ki, bizim fəallar ümumiyyətlə prezident seçkilərini boykot etmək istəyir, amma Şəhər və Kənd Şuraları seçkiləri ilə bağlı gəlib əksini elan edirlər. Deyirlər ki, şura seçkilərinə qatıla bilərik. Bu doğru deyil. Bu növ baxış hərəkatın ciddiyyətini ala bilər.”
O, əlavə edir, “əgər biz deyirik seçkilərdə problem vardır, saxtakarlıq vardır ya bizim nümayəndələrin namizəd olmasına icazə vermirlər, amma sonra misal üçün Qərbi Azərbaycan vilayətində milləti səs verməyə çağırırıq. O zaman millətin təbii olaraq haqqı var bizdən soruşsun ki, əgər səs vermək yaxşıdır, nədən biz prezident seçkilərində səs verməyək? Nədən Təbrizdə səs verməyək? Doğru deyilsə, nədən şura seçkilərində Urmiyədə ya Sulduzda səs verməliyik?”
Əmir Mərdani İran İslam Respublikasının təşkil etdiyi seçkilərə qatılıb səs verməyin doğru olmadığına inandığını dilə gətirir.
O deyir ki, “biz səs verməyi doğru bilmirik. Bu sistem doğru bir sistem deyil. Bizim namizədlərə icazə vermirlər. Heç bizdən olmayan başqa müstəqil namizədlərə də icazə vermirlər. Ayrıca, səsləri oxumaqda da saxtakarlıq olur. Madam ki, millətin səsi doğru əks olunmur, o zaman qatılmağı da doğru görmürük.”
Bəzi türk fəallar Şəhər və Kənd Şuraları seçkilərinə namizədlərin qeydiyyata alınması prosesində nəzarətin nisbətən daha az olmasını irəli sürərək milli hərəkatın şura seçkilərində təsir göstərə biləcəyini deyirlər.
Əmir Mərdani nəzarətin daha az olduğunu təsdiq etsə də, bunun seçkilərə qatılmaq üçün yetərli səbəb olmadığını düşünür.
“Bu fikrin doğru tərəfləri vardır. Yəni nəzarətin az olduğu doğrudur. Şəhər Şurası namizədlərinin qeydiyyata alınmasında nəzarət azdır. Amma biz yenə də eyni yerə çatırıq. İki sandıq qoyurlar. Biri prezident seçkiləri, biri də şura seçkiləri üçün. Nəhayətdə də bu sandıqları sayan sistem və şəxslər eynidirlər. Eyni qurumlar onları yoxlayıb və nəticəni təsdiq edir,” deyə o əlavə edir.
http://www.amerikaninsesi.org/a/musahibe-amir-mardani/3844058.html