Son günlərdə Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın məhkəmə iclasının təxirə salındığı bildirilir.

Məlumata görə, bundan öncə mayın 15-də məhkəmə iclasının keçiriləcəyi bildirilən fəal mayın 31-də mühakimə olunacaq.

Fəalın məhkəməyə çağırılmasına səbəb Şərqi Azərbaycan ETTELAAT İdarəsinin onun əleyhinə şikayət etməsidir.

Bir ildir Təbrizin mərkəzi zindanında müvəqqəti saxlanılan azərbaycanlı fəalın müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və cismi baxımdan ağır vəziyyətdə olduğu bildirilir.

Həbib Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Qiyabi olaraq məhkəmə iclası keçirilən fəal casusluq və “Gamo” adlı qanunsuz qrup yaratmaq kimi saxta ittihamla üzləşib.

Təbrizin İnqilab Məhkəməsi fəalın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq üçün onun barəsində bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb, fəalın ailəsi ağır məbləğdə vəsiqəni təmin etmək imkanına malik deyil.

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 sasanian