Aralarında keçən ilin may ayından bəri nəzarətdə saxlanılan Həbib Sasaniyanın da olduğu 5 milli fəalın məhkəməsinin birinci iclası may ayının 31-də Təbrizdə keçirilib.
Bu məlumata görə, fəallar İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd mühakimənin keçirildiyi Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində hazır olublar. Həbib Sasaniyan isə “yalan və əsassız ittihamlara məruz qaldığına etirazını bildirmək üçün” məhkəməyə getməyib.
Həbib Sasaniyan
Həbib Sasaniyan
Hakim Bağırpurun rəhbərliyi ilə təşkil olunan məhkəmənin ikinci iclasının 20 gün sonra keçiriləcəyi bildirilir.
2016-cı ilin iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaymışdı.
Tutulanların beşi nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasaniyan mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb.
Sasaniyanın xanımı Fərəhnaz Fəkur keçən fevral ayında Amerikanın Səsinə müsahibədə həyat yoldaşının vəziyyətini şərh etmişdi. “Həyat yoldaşımın məsələsi türk dilidir, Azərbaycandır. O, casusluq etməyib,” deyə xanım Fəkur müsahibədə vurğuladı.
İran Azərbaycanında həbs edilən türk fəallar adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “casusluq”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük” kimi ittihamlarla üzləşirlər.