Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur, ötən illə müqayisədə Urmu gölü suyunun 140 milyon kub metr (metr-i mükəəb) azaldığını bildirib.
O bu barədə “Xaneyi Millət” xəbər agentliyinin müxbirinə danışıb.
“Urmu Gölünü Canlandırma Mərkəzi ötən 4 il fəaliyyət müddətində vəsaitin xərclənməsi ilə bağlı şəffaflığın təmin edildiyini göstərməlidir. Təəssüflə vəsait təhvil alınsa da, onun necə xərcləndiyi aydın deyil”- deyə o bildirib.
Millət vəkili bu il ötən illə müqayisədə Urmu gölündə suyun azaldığını da diqqətə çatdırıb: “Urmu gölündə su səviyyəsi tarazlığı ötən illə müqayisədə təxminən 20 santimetr azalıb. Bu o deməkdir ki, göldə suyun miqdarı ötən ilə nisbətən 140 milyon kub metr azalıb. Ona görə də gölün canlandırılması ilə bağlı nəzərdə tutulan layihələrə daha çox diqqət ayırmaq lazımdır.”
R.Həzrətpur əlavə edib ki, Urmu gölünün canlandırılması layihəsi əslində bir milli layihədir. Hətta prezident 2013-cü il prezident seçkilərində də bu məsələyə işarə etmişdir. Ona görə də böhranın qarşısını almaq üçün daha çox büdcə ayrılmalı və nəzərdə tutulan vəsait vaxtı-vaxtında təhvil verilməlidir.
“Müxtəlif orqanların bir-biri ilə koordinasiya şəklində fəaliyyət göstərməsi, Urmu gölünün canlandırılması üçün vacib məsələdir. Bölgə məsullarının məsuliyyəti sadəcə Urmu gölünü canlandırmaqla məhdudlaşdır. Məsələn Kənd Təsərrüfatı Nazirliyi büdcə vəsaiti ayırmaqla yanaşı məntəqənin əkin shələrində yeni suavarma üsulunu tətbiq etməlidir”- deyə R.Həzrətpur bildirib.
Mövzu ilə bağlı Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Ofisinin müdiri Fərhad Sərxoş da “Təsnim” xəbər agentliyinə məlumat verib. O bildirib ki, Ötən il Urmu Gölünü Canlandırma Mərkəzinə 1 min 127 milyard tümən büdcə vəsaiti ayrılmışdır, lakin bu miqdardan sadəcə 40 faizi təhvil verildi. Halbuki gölün canlandırılması ilə bağlı layihələr proqram əsasında həyata keçirilməlidir və bunun üçündə nəzərdə tutulan bedcə vəsaiti vaxtında təmin olunmalıdır.
F.Sərxoş qeyd edib ki, “gölün canlandırılması üçün cari ildə də ötən ilki kimi 1 min 127 milyard tümən büdcə vəsaiti nəzərdə tutulub, Urmu Gölünü Canlandırma Mərkəzi nəzərdə tutulan büdcə vəsaitinin 90-100 faizinin təhvil verilməsini gözləyir. Əks halda layihələrin icrasında problemlər yaranacaq.”
Qeyd edək ki, Urmu gölündə vəziyyətin yaxşılaşmasına dair bir çox hökumət rəsmisi açıqlama verib, lakin yay fəsli yaxınlaşdıqca göldə vəziyyətin heç də yaxşı olmadığı, hətta ötən ilə nisbətən daha da pisləşdiyi məlum olur. Bu barədə ötən günlərdə bir neçə azərbaycanlı millət vəkili həyəcan təbili çalıb.