Urmiyədə fəaliyyət göstərən internet portalı Yol Press-in başlatdığı “Azərbaycanın Zəhrası üçün” adlı imza kampaniyasına 20 mindən artıq vətəndaş dəstək verib. İmzalanan müraciətdə iyulun 4-də Füzuli rayonunda baş verən olaylara münasibət bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 4-də Ermənistanın açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin iki sakini o cümlədən, 50 yaşlı Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra həlak olub.
‘Zəhra Üçün’ imza kampaniyası ilə əlaqəli hazırlanmış müraciət mətnində “beynəlxalq ictimaiyyət və ayıq vicdanların baş verən cinayət qarşısında səssiz qalmamaları” tələb edilib.
Yol Press-ın məlumatına görə, İranın müxtəlif bölgələrində əksəriyyəti türk vətəndaşlardan ibarət olan minlərlə ictimai fəal, ziyalı və siyasətçi kampaniyaya dəstək verib.
İran Azərbaycanı şəhərlərinin bəzi millət vəkilləri Zəhra Quliyeva və nənəsinin ölümünə münasibət bildiriblər. Urmiyə millət vəkili Ruhullah Həzrətpur İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifdən “Ermənistanın cinayətlərinə” rəsmi etiraz bildirilməsini tələb edib.