Güney Azərbaycanın Ərdəbil şəhərində küçə divarlarına Təbrizin mərkəzi zindanında 15-ci aydır müvəqqəti olaraq saxlanılan və hazırda 42-ci gündür aclıq aksiyası keçirməkdə olan azərbaycanlı fəal Həbib Sasaniyanın azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb.

Posterlərin əksəriyyəti ərəb əlifbası ilə türk dilində yazılıb. Bəzi yerlərdə ingilis dilində yazılmış posterlərə də rast gəlinir. Azərbaycanlı milli-mədəni fəallar, Həbib Sasaniyanın qanunsuz həbs olunmasını pisləyir, onun dərhal azadlığa buraxılmasını tələb edirlər.

Posterlərin əksəriyyətinin üzərində “Azərbaycanın milli şairi və mübarizi Həbib Sasaniyan özgür buraxılsın” şüarı yazılıb.

Azərbaycanlı fəalın sağlamlıq durumu isə aclıq aksiyasının müddəti uzandıqca daha da ağırlaşır. İyulun 17-də onunla zindanda görüşən həyat yoldaşı, onu həddindən artıq zəiflədiyi üçün ilk baxışda tanımadığını bildirib.

“Həbibin sağlamlıq durumu olduqca ağırdır. O çox zəifləyib, hətta mən onu ilk baxışda tanıya bilmədim. Həbib hazırda böyrək ağrısı, mədə qanaxması, qan təzyiqi və bayğınlıq kimi xəstəliklərdən əziyyət çəkir. O uzun müddət aclıqdan sonra 15 kiloqram arıqlayıb”- deyə siyasi məhbusun həyat yoldaşı bəyan edib.

Azərbaycanlı fəal iyulun 13-də, aclıq aksiyasının 31-ci günündə səhhətində yaranan ciddi problemlərdən dolayı zindanın poliklinikasına aparılıb. Orada məsullar fəalın aclıq aksiyasını dayandırmasına çalışıblar, vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün ona sistem (serom) köçürmək istəyiblər. Lakin azərbaycanlı fəal aclıq aksiyasını davam etdirməyə israr edib.

H.Sasaniyan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsi və uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlandığına etiraz olaraq iyunun 12-dən aclıq aksiyası keçirir. Bu müddətdə rejimin rəsmi orqanları onun irəli sürdüyü tələblərə laqeydlik nümayiş etdiriblər.

İyulun 17-də Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsində H.Sasaniyan və daha 5 fəalın məhkəmə iclası təşkil olunub, lakin siyasi məhbus növbəti dəfə iclasa qatılmaqdan imtina edib.

H.Sasaniyan bundan öncəki məhkəmə proseslərinə də qatılmadığı üçün barəsində qiyabi olaraq qərar çıxarıla bilər.

Azərbaycanlı fəal 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə yaxalanıb. O yaxalandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır.

Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, əsassız etiraflar üçün ağır işgəncəyə məruz qalıblar.

H.sasaniyanın 11 və 15 yaşlı iki övladı var. Fəalın həbsdə olması səbəbindən onun ailəsi çətin güzəran keçirir, maddi sıxıntı çəkir. Ailənin dolanışığının  həddən artıq ağır olduğu barədə dəfələrlə məlumat yayılıb.

 Azerbaijan