Azərbaycanlı milli-mədəni fəal Mehdi Əmirinəjad Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən 2 il həbs cəzasına məhkum edilib.
M.Əmirinəjad 2016-cı il mayın 15-də daha 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, 3 ay saxlandıqdan sonra 500 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Bəzi saytlarda sözügedən fəalın adı yalnış olaraq Mehdi Cavadzadə kimi təqdim olunub.
Fəal qanunsuz “Gamo” qrupunun yaradılmasında iştirak etmək və casusluqda ittiham olunur. O məhkəmənin irəli sürdüyü bütün ittihamları əsassız adlandırıb.
Fəal “Gamo” adlanan dosyenin ikinci, Həbib Sasaniyan isə həmin dosyenin birinci müttəhimi sayılır.
H.Sasaniyan hazırda Təbrizin mərkəzi zindanında 15-ci aydır ki, qeyri-müəyyən vəziyyətdə saxlanılır. O bu gün keçirməkdə olduğu aclıq aksiyasının 42-ci günündədir.
M.Əmirinəjadla birlikdə tutulan Babək Avənd, Həmid Səqəfi və İsmayıl Əfxəmi “Gamo” qrupunda üzv olmaq ittihamı ilə hər biri 4 ay həbs cəzasına məhkum edilib.
Məlumata görə, təhlükəsizlik məsələləri ilə əlaqədar fəalların məhkəmə hökmü şifahi olaraq elan olunub, hökm onlara yazılı olaraq təqdim olunmayıb.
İyulun 17-də Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsində 6 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib, H.Sasaniyan əvvəlki məhkəmə iclaslarında olduğu kimi bu dəfə də prosesə qatılmaqdan imtina edib.
Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, əsassız etiraflar üçün ağır işgəncəyə məruz qalıblar.