Güney Azərbaycanın müxtəlif bölgələrində iqtisadi vəziyyət getdikcə pisləşir. Bu, bölgədə böyük yatırımların olmaması, hökumətin bölgəyə ayırdığı büdcə vəsaitinin yetərsiz olması və istehsal müəssisələrinin ardıcıl bağlanması kimi amillərlə bağlıdır.
İran mətbuatında Şərqi Azərbaycan Vilayətinin Binab şəhərində işsizlərin sayının artdığı ilə bağlı məlumat yayılıb. “Cari ilin birinci 6 ayında 1068 nəfər Binab Şəhər İctimai Rifah və İş İdarəsində iş axtaran kimi qeydiyyata alınıb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 1059 nəfər olub”- deyə Binab Şəhər İctimai Rifah və İş İdarəsinin rəisi Şəhər İşçi Qrupunun keçirdiyi iclasda bildirib.
İxlasi əlavə edib ki, “təmsil etdiyi idarə cari ilin birinci 6 ayında 304, ötən ilin müvafiq dövründə isə 198 nəfər işsizi, yeni iş yerləri ilə təmin edib.
Məlumata görə, məhdud sayda yaradılan iş yerləri Binabda olan işsizlər ordusuna cavab verəcək durumda deyil və bölgədə işsizlərin sayı gün keçdikcə artır.
Bu arada Qəzvinin Takistan şəhərində fəaliyyət göstərən Ərəsbaran Polad Zavodu (karxanə) iqtisadi problemlərdən dolayı öz işini dayandırıb. Ötən illərdə 400 işçisi olan şirkət qısa müddətdə işçilərin sayını 50 nəfərə endirib. Şirkətin bağlanmasından sonra zavodda çalışan bütün işçilər işsiz qalıb.
Qeyd edək ki, Azərbaycan vilayətlərində iqtisadi vəziyyətin ağır olması, əhalinin məişət problemlərini artırmaqla yanaşı, bir çoxlarının fars bölgələrinə köçməsinə səbəb olur. Bu isə Azərbaycanın demoqrafik tərkibinin dəyişməsi ilə nəticələnir və bir çox ictimai problemlərə yol açır.