Keçən ildən bəri Təbrizin tarixi Ərk Qalasının tədrici məhv edilməsinə dair ortaya çıxan narahatlıqlar, qalanın cənubi istinad divarının gecə saatlarında ağır tikinti maşınları vasitəsilə götürülməsdən sonra daha da artıb.
“Elxanilər” dönəmindən qalmış Ərk Qalası Təbriz və ümumiyyətlə İran Azərbaycanının simvollarından biri hesab edilir.
İran Azərbaycanında mədəni fəallar keçən ildən bəri Ərk Qalasının ətrafında onun zədə alması və tədrici məhvinə yol verə biləcək tikinti işlərini dayandırmaq üçün etiraz kampaniyaları təşkil etməkdədirlər.
Qalanın cənubi istinad divarının bir neçə gecə öncə götürülməsinə dair görüntülərin yayılması türk fəallar və şəhərin ictimai xadimlərini təkrar hərəkətə keçirib.
Təpkilərin artması ardından Şərqi Azərbaycan vilayəti turizm təşkilatının sədri Murtaza Abdar mətbuata açıqlama verib.
Təbrizdə fəaliyyət göstərən internet portalı Nasr News-a istinadən, Abdar “istinad divarının turistlər üçün daha uyğun bir keçid təmin etmək məqsədi ilə götürüldüyünü” iddia edir.
Keçən il mövzu ilə bağlı Amerikanın Səsinə müsahibə verən müasir tarix araşdırmaçısı Ələsgər Haqdar “Ərkin məhvinin Təbriz, Azərbaycan və türklərin mədəniyyətinin məhvi” olduğunu ifadə edib.”