Qaşqay türklərinin “Qaşqay yurd” takımı Tehranın “Piruzi” komandasını məğlub edərək İran kubokunun 1/16 final mərhələsinə yüksəlib.
Sentyabrın 30-da yerli vaxtla saat 15:00-da ölkə kuboku görüşləri çərçivəsində “Qaşqay yurd” və “Piruzi” komandaları Şirazın Hafiziyyə stadionunda qarşılaşıblar.
Oyunun 10-cü dəqiqəsində “Qaşqay yurd”, 58-ci dəqiqədə isə “Piruzi” tərəfindən qarşılıqlı olaraq qol vurulub və oyun bu hesabla 90-cı dəqiqəyə qədər davam edib. Əlavə vaxtda isə yenə də komandalar bərabər hesabla vaxtı başa vurublar. Bundan sonra sıra penalti zərbələrinə çatıb. Penalti zərbələrində “Qaşqay yurd” 6:5 hesabı ilə “Piruzi”ni məğlub edib və İran kubokunun 1/16 final mərhələsinə yüksəlib.
“Qaşqay yurd” növbəti görüşdə Şirazın “Bərq-i cədid” komandası ilə qarşılaşacaq.
Çox sayda qaşqay türkü komandalarını təşviq etmək məqsədi ilə müxtəlif şəhərlərdən Şiraza gəliblər. Onlar üzərində “Nə qırmızı, nə mavi – Komandam yalnız Qaşqaydır”, “mən türkəm” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Bəzi futbol tamaşaçıları da “Traxtur” bayrağını nümayiş etdiriblər.
“Vərzeşe 3” saytı isə Qaşqay komandasını və onun tərəfdarlarını “Traxtur” komandası və tərəfdarları ilə müqayisə edib. “Qaşqay tamaşaçılarının bugünki rəftarları çoxlarına “Traxtur” tərəfdarlarını xatırlatdı. “Traxtur” super liqa yarışlarına ilk qatıldığı illərdə, onun tərəfdarları bütün oyunlarda xüsusi aktivlik göstərirdilər, bu gün isə “Qaşqay yurd”un tərəfdarları oxşar həyəcanı yaşayırlar”- deyə saytda yayılan məlumatda qeyd olunub.