Azərbaycanlı milli-mdəni fəal Rəsul Rəzəvi Təbriz zindanında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin onunla bağlı dosye təşkil etməsi və zindanda qeyri-insani davranışlara məruz qalmasına etiraz olaraq yenidən aclıq aksiyasına başlayıb.
Milli-mədəni fəal yaydığı Səs Faylında aclıq aksiyasına başladığını elan edib. “Azərbaycan millətinin hüquqlarının tapdalanması və fars irqçiliyinin kökü Pəhləvi dövrünün əvvələrinə söykənir, bu vəziyyət İslam Cümhuriyyəti dövründə də davam etdirilib və edir. Sistemin əsas məqsədi, İranda yaşayan qeyri-fars millətlərinin dil və mədəniyyətinin məhv edilməsi və fars dilinin onlara sırınmasıdır. Mən bu vəziyyətə etiraz edən bir şəxs kimi, 5 dəfə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və oğurlanmışam. Saxlanıldığım müddətdə isə müxtəlif işgəncələr və təhqirlərə məruz qalmışam. 28 gün aclıq aksiyası keçirdikdən sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırdım, lakin zülmkarların qeyri-insani rəftarları davam etdiyinə görə yenidən aclıq aksiyasına başlamağa qərar verdim, bundan başqa heç bir çıxış yolum yoxdur.”- deyə R.Rəzəvi yaydığı Səs Faylında bildirib.
Azərbaycanlı fəalın müraciəti “Yaşasın Azərbaycan, Yaşasın ana dili, Yaşasın Azərbaycan milləti” sözləri ilə sona çatıb.
Budan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.
Səs Faylı:
https://www.youtube.com/watch?v=DfLbx8LRO7Q