İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan fəal, Siyamək Mirzayinin mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısı alınıb.

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, bir neçə xəstəlikdən əziyyət çəkən fəalın atası, oktyabrın 2-də oğlunun müvəqqəti azadlığa buraxılması üçün 1 milyard tümənlik mülki vəsiqə ilə Tehranın Gülüstan inqilab məhkəməsinə müraciət etsə də, məhkəmə ondan vəsiqəni almaqdan imtina edib. İnqilab məhkəməsində fəalın atasına bildirilib ki, Evin zindanının 209-cu korpusunun müstəntiqləri onlarla telefon əlaqəsi saxlayaraq fəalın indiki şəraitdə azadlığa buraxılmasına qarşı çıxdıqlarını bildiriblər.

Fəalın işinə baxan hakim Rəcəbi isə bildirib ki, o Evin zindanının rəsmiləri ilə əlaqə saxlayaraq azərbaycanlı fəalın məhərrəmlik tətillərindən sonra azadlığa buraxılmasını tələb edib.

ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, az sonra Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq ediildiyinə görə, mağazanın şüşələri qırılıb, ondakı ərzaq malları rəflərdən yerə tökülərək dağıdılıb. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

 Azerbaijan