Doğma şəhəri Sulduzu bir neçə ay əvvəl tərk edib və hazırda Türkiyədə qaçqın həyatı yaşayan Kərim Fəthipur Amerikanın Səsinə müsahibə verib. Güneyli fəal müsahibədə ölkəni tərk etməsinin səbəblərini anlatmaqla yanaşı, 2006-cı ilin may ayında kütləvi etirazlar zamanı polis tərəfindən öldürülən gənc qardaşı Hüseyn Fəthipur və həmin olayla əlaqədar təşkil olunan məhkəmə haqqında danışıb.
2006-ci ilin mayında İran dövlətinin rəsmi mətbuat orqanı olan ‘İran’ jurnalının yayımladığı yazılı karikaturalarda türklərin aşağılanması Azərbaycan şəhərlərində böyük bir üsyana səbəb oldu.
İran İslam Respublikasının kütləvi etirazlara sərt təpkisi ardından Sulduz (Nəğədə), Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə bir neçə etirazçı İran polisi tərəfindən açılan güllələrlə öldürüldü. Həmin vaxt Amnesty International bəyanat yayaraq 27 vətəndaşın ölümü ilə bağlı məlumat aldığını bildirdi.
Millət mədəni şəkildə etirazını bildirdi, ancaq təhlükəsizlik qüvvələri zalimcə yanaşdılar. İran qəzetinin hörmətsizliyinə etiraz edən əzizlərimizi öldürdülər.
2006 may ayının 25-də Urmiyənin cənubunda yerləşən Sulduzda polis tərəfindən öldürülən Hüseyn Fəthipur (17 yaşında), Tövhid Azəriyyun (25), Himmət İsimzadə (35) və Əsgər Qasiminin (39) ailələri məhkəməyə müraciət edərək övladlarına atəş açan məmurlardan şikayət etdilər.
Kiçik qardaşını həmin olaylarda itirən Kərim Fəthipur deyir ki, “millət mədəni şəkildə etirazını bildirdi, ancaq təhlükəsizlik qüvvələri zalimcə yanaşdılar. İran qəzetinin hörmətsizliyinə etiraz edən əzizlərimizi öldürdülər. Yaralımız da çox oldu. Millət konstitusiyanın müəyyənləşdirdiyi çərçivədə etirazını bildirdi. Amma onlar bir çox ailənin gözünü ağlar buraxdılar. Bu ailələr üçün bu acı hələ də köhnəlməyib.”
O, qardaşı və digərlərinin Sulduz qubernatorluq binasının önündə öldürüldüyünü deyir.
Digər ailələrlə birləşdik və şikayətimizi birlikdə Urmiyədəki hərbi məhkəməyə təqdim etdik. Birlikdə olduğumuz üçün bizi sındıra bilmədilər.
Fəthipur dörd ailənin məhkəməyə birgə müraciətini Amerikanın Səsinə açıqlayır: “Biz şəhidlərimizi torpağa tapşırdıqdan sonra digər ailələrlə birləşdik və şikayətimizi birlikdə Urmiyədəki hərbi məhkəməyə təqdim etdik. Onların öldürülməsinin səbəbini və kimlərin güllə açdığını sorduq. Birlikdə olduğumuz üçün bizləri sındıra bilmədilər.”
Türk fəalın dediklərinə görə, olayla bağlı İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) və İran Polis qüvvəsinə (İntizami qüvvə) mənsub 18 məmur məhkəmə çağırışına məhəl qoymayıb və nəhayət onlar haqqında bəraət hökmü çıxarılıb.
“Yazmışdılar ki, 18 nəfər güllə atıb. Ancaq onlar heç zaman hərbi məhkəmənin çağırışlarına məhəl qoymadılar. Bir müttəhim kimi məhkəməyə getmədilər. Bunlar yığışırdı valilik binasına və məhkəmə hakimi də valiliyə gedərək bunların sözlərini eşidib və yazırdı. Biz bilmədik onlar kim idi. Çox etiraz etdik ki, nədən məhkəməyə gəlmirlər. Bu etiraza heç zaman baxılmadı..,” deyə o bəyan edir.
Kərim Fəthipurun bildirdiyinə görə, məhkəmə ailələrə təzminat ödənilməsinə dair qərar çıxarsa da, məmurların atəş açmasının qanunlara zidd olmadığına hökm edib