İran Azərbaycanında fəaliyyət göstərən mədəni fəallar İran mediasında gedən “anti-türk” təbliğatı tənqid edirlər. Son vaxtlar İran televiziyasının yayımladığı “Səttar Xan” serialı, həmçinin “Qanun” və “Şərq” qəzetlərində dərc olunan məqalələrə geniş təpki var.
Bu yaxınlarda Tehranda yayımlanan Qanun qəzetində dərc olunan bir məqalədə Azərbaycan şəhərlərində türk dilinin aradan qaldırılması və İran əhalisinin vahid dil və vahid bayraq altında birləşdirilməsi təşviq edilib.
Məqalədə yazılıb ki, “Urmiyə, ya digər şəhərlərdə farsca danışan uşaqları görəndə, bundan narahat olmamaq lazimdir. Bu, milli siyasətlərin uğurlu olduğunu göstərir.”
Urmiyə ya digər şəhərlərdə farsca danışan uşaqları görəndə, bundan narahat olmamaq lazimdir. Bu milli siyasətlərin uğurlu olduğunu göstərir.
Qanun qəzeti
Qəzetdə həmçinin “türk” sözündən istifadə edənlər sərt bir dillə tənqid edilib:
“Türk dili ifadəsindən istifadə etmək doğru deyil. Çünki Azərbaycan əhalisi türk deyil, azəridillidir. Türk sözündən istifadə etdiyimiz zaman istər-istəməz Azərbaycan əhalisinin türk soyundan olduğunu da qəbul etmiş oluruq. Bu da tam olaraq düşmən qüvvələri və bölücülərin etdiyi təhrifdir.”
Urmiyədə fəaliyyət göstərən Yol Press adlı internet portalı “Qanun” qəzetində yazılanları həm İran konstitusiyası həm də beynəlxalq hüquqa görə qanun pozuntusu hesab edib.
Türk fəallar Qanun qəzetinə təpkilərini sosial mediada sərgiləyiblər.
Tanınmış türk dil haqları fəalı Səid Mətinpur məqalədə yazılanların irqçilik olduğunu önə çəkib. O, həmçinin yazıb ki, “təsəvvür edin bir xəyali hekayənin içindəyik və Təbrizdə türk dilində yayımlanan bir qəzetin üst sütununda yazılıb ki, İranda fars dili məhv edilməlidir və farslar türkcə danışmalı, özlərinə də türk deməlidirlər!”
Səttar Xanın evində onun həyat yoldaşının Şahnamə oxuyaraq təsvir edilməsi izləyicinin şüuruna ən dərin təhqirdir. Məntiq deyir ki, Səttar Xanın həyat yoldaşı evində Bayatı oxusun və ya Nəbati və Füzulinin şeirlərini uşaqlarına oxusun.
Rejissor Qurbanəli Tahirfər
Bu günlər, həmçinin İran televiziyasında yayımlanan və Məşrutə Hərəkatının qəhrəmanı Səttar Xanın həyatını təsvir edən “Səttar Xan” teleserialı təpkilərə səbəb olub.
Teleserialda tarixin təhrif edildiyini önə çəkən türk fəallar serialın anti-türk və anti-Azərbaycan müəlliflər tərəfində hazırlandığını yazırlar.
Təbrizli rejissor Qurbanəli Tahirfər “Anaj” agentliyi ilə müsahibədə Səttar Xan serialında izləyicinin şüurunun təhqir edildiyini qeyd edib.
“Səttar Xanın evində onun həyat yoldaşının Şahnamə oxuyaraq təsvir edilməsi izləyicinin şüuruna ən dərin təhqirdir. Məntiq deyir ki, Səttar Xanın həyat yoldaşı evində Bayatı oxusun və ya Nəbati və Füzulinin şeirlərini uşaqlarına oxusun,” deyə rejissor söyləyib.
Müəllifi 10-11-ci əsrlərdə yaşayan böyük Fars şairi Firdovsi olan Şahnamə Fars-İran millətçiliyini formalaşdıran bir əsər hesab edilir.