Dünya Ana Dili Günü münasibəti ilə İranda Əzilən millətlərin bir gurup parti və təşkilatının ortaq bildirişi
Dil insan toplumunda bir ilətişim aracı və düşünmə çərçəvəsidir. Dil millətlərin varlığı və bəqasında ana ünsürlərdən biridir, necə ki dil olmadan bir millətin milli və kültürəl oluşumu və dəvamı imkânsızdır.
Mələsəf dövlət və yönətimin “tək dil – tək kültür” anlayışına dayanaraq oluşturulduğu ölkələrdə, fərqli milli varlıqları yox etmə sürəci ana dili və kültürəl asimilasyonla başlamaqdadır. Və nə yazıq ki bu sürəc millətlərin tarix səhnəsindən silinməsinə qədə gedəbilməktədir.
İranda da modern dövlətin quruluş aşamasında “tək millət – tək dil” anlayışı təməl alınmış, fərqli milli varlıqlar inkar edilmiş və kültürəl yox etmə politikaları kimi zaman zorakılıq və gücə baş vuraraq icra edilmişdir. Bu qəddarca sürəcin sonucunda İranda Fars olmayan millətlərin kültürəl altyapısı təxrib edilmiş və yox olma təhlükəsi ilə qarşı qarşıya buraxılmışdır.
Günümüz İranında Fars olmayan millətlərin ekonomik, siyasi və toplumsal haqları kimi başda ana dili olmaq üzrə kültürəl haqları da əsirgənmiş və İran dövlətinin faşistcə politikalarına qurban edilmişdir. Nə yazıq ki İranda ki dini və milli diktə rejimi bu millətlərin haqlı tələblərini dinləmək yerinə onları əzməyi və bu yöndə çalışan insanları cəzalandırmağı seçmişdir.
Nə yazıq ki İranda “tək millət – tək dil” anlayışı sadəcə dövlətə xas olmayıb rejim içi və rejim əleyhdarı Fars müxalifətində də köklənmişdir. Necə ki bu gün rejim müxaliflərinin önəmli bir qısmı, “tək millət – tək dil” tezini fərqlı yollarla yenidən canlandırıb davam etdirmək istəməktədir. Yalnız bu anlayış diktatorluğun yenidən doğuşundan başqa bir şey olmayacaqdır. Necə ki bu gün Fars olmayan millətlər və onların siyasi hərəkatları Fars opozisyonuna güvənini itirmişdir, bu sürəcin davamı bu güvənsizlik duvarını daha da yüksəldəcəktir.
Biz bu bildirini imzalayanlar olaraq, 21 Fervral Dünya Ana dili Günü ərəfəsində, 1952 ilində Dakka Ünivərsitəsində anadili haqqı uğrunda canlarını itirən öyrənciləri və bu gün ana dili mücadələsi uğrunda İranın zindanlarında yatan Fars olmayan millətlərə mənsub aktivistləri sayğı ilə anaraq, bildiririk;
Günümüzdə uluslararası hüquq və qəbul edilmiş normlara görə ana dildə eyitim və ana dilinin tüm həyat alanlarında azadca işlədilməsi tüm toplumların ən təməl və məşru haqqıdır. İranda Fars olmayan millətlərin ana dildə eyitim və ana dilinin rəsmi istifadəsi haqqının əsirgənməsi qəbul ediləməzdir.
İllərdən bəri İranda əzilən millətlərin övladları bütün edam, işgəncə, həbs və digər cəzalara rəğmən öz milli haqlarının uğrunda çaba göstərmiş və öz qədərlərinə hakim olmaq üçün mücadələ etmişdir. İrandaki çürümüş faşist rejim məşruiyyət böhranı ilə qarşı qarşıya qalmış və sonuna yaxınlaşmışdır. Bu gün artıq İrandaki tüm əzilən millətlər öz qurtuluşlarını öz qədərlərinə hâkim olmaqda görməkdədirlər.
Bu bildiri aracılığı ilə, biz, İranda əzilən millətlərin bir gurup parti və təşkilatı olaraq bir daha da ana dili haqqının əksiksiz şəkildə əldə edilməsi və millətlərimizin öz qədərinə hâkim ola bilməsi üçün birlikdə çalışmanın son dərəcə önəmli və həyati olduğunu vurğulayırıq.
20 Aprel 2018
Azərbaycan Demokratik Birliyi (Birlik)
Azərbaycan Milli Dirəniş təşkilatı (AMDT)
Azərbaycan Öyrənci hərəkəti (AZOH)
Beluçistan Xalq Partiyası
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Qaşqay İnsan Haqları Müdafiəçiləri Komitəsi
Loristanat Partiyası