Oynar Teatr Qrupunun hazırladığı “Uşaqlar Nağılı” (Xoxan) adlı türkcə kukla tamaşası Şərqi Azərbaycan vilayətində məktəblər və uşaq bağçalarında nümayiş etdiriləcək.
Tamaşanın rejissoru və müəllifi Mehdi Salehyar bu barədə mediaya məlumat verib.
Khabaronline.ir portalında dərc edilən məlumata əsasən, Oynar Teatr Qrupu tamaşanın öncə Təbrizdə, daha sonra isə Şərqi Azərbaycan vilayətinin digər şəhərlərində məktəblər və uşaq bağçalarında səhnəyə qoyulacağına dair müqavilə imzalayıb.
Aktrisa Fatma Rəştbəriyan və aktyor Əli Tənha, habelə kuklaçılar Şima Qureyşi, Fərid Dibazər, Solmaz Yəhyəvi, Məsud Niyazi, Fatma Kərimi və Nəsrin Cəfəryami kukla tamaşasında iştirak edirlər. Tamaşanın musiqisini Rəsul Zəfəri bəstələyib. Vəcihə Əfraştə və Cəlil Şəhnazi isə kuklalar və səhnəni dizayn ediblər.
Rejissor Mehdi Salehyarın söylədiklərinə görə, tamaşanın mövzusu “vətən müdafiəsi və Novruz ənənələri” ilə bağlıdır.
Oynar Teatr Qrupu bundan əvvəl də folklor mövzularında türkcə kukla tamaşası hazırlayıb. Qrupun hazırladığı “Balaca Təkəm” tamaşası İranın teatr festivallarına qatılıb.
İran Azərbaycanında fəaliyyət göstərən media Təbriz və Urmiyə kimi şəhərlərdə türkcə tamaşaların səhnəyə qoyulması ilə əhali arasında teatr sənətinə rəğbətin artdığını bildirir.