İranın cənub-qərbi Gəçsaran şəhərində keçirilən Qaşqay Eli Festivalında məşhur sənətkar Əfsanə Cahangiri və bacısı Nazlı Cahangirinin laylay oxumaq üçün səhnəyə çıxmalarına icazə verilməyib.
İranda insan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyinin xəbərinə görə, Gəçsaran şəhərinin imam-cüməsi müğənnilərin ifasına mane olub.
“Festival əməkdaşlarının bildirdiyinə görə, proqram Gəçsaranın imam-cüməsi və təhlükəsizlik qurumunun basqıları səbəbilə ləğv olunub,” deyə HRA bildirib.
Qaşqay türklərinin məşhur sənətkarı Əfsanə Cahangiri İranın böyük musiqi ustadları ilə birgə layihələrdə iştirak edib. O, həmçinin uğurlu “Gəbbə” və “Aba can” kino-filmlərinin mahnılarını ifa edib.
İranda qadın müğənnilərin folklor və ənənəvi mahnıları, həmçinin dini himnləri ifa etmələrinə məhdud şəkildə və müəyyən qaydalara riyayət edilməsi şərti ilə icazə verilir.
Son illərdə İranın müxtəlif vilayətlərində əlaqədar dövlət qurumlarından icazə alınmasına rəğmən bir çox konsert və musiqi festivalı imam-cümə, həmçinin Ettelaat və Sepah kimi qurumların basqısı ilə ləğv edilib.