Əlirza Quluncu
Əmir Mərdaninin dediklərinə görə, 2006-ci ilin may ayında İran Azərbaycanında baş qaldıran qiyam milli düşüncənin kütləviləşməsinə səbəb oldu. O, hesab edir ki, türk cəmiyyətinin İran İslam Respublikasına baxışının dəyişməsində may hadisələrinin böyük rolu oldu. İsveçdə yaşayan jurnalist və milli fəal (AZOH təşkilatın sözçüsü) Amerikanın Səsinə müsahibədə may qiyamı və onun nəticələrini şərh edib.
2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” jurnalında dərc edilən yazılı karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə həmçinin hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir.
“Etirazların görünən səbəbi o karikaturalar idi. Amma bunun arxasındakı səbəb Güney Azərbaycanın illərlə zülm və böyük təzyiqlərə məruz qalması idi. Elə zülm ki, millət ağır basqılara rəğmən küçəyə çıxıb etiraz etdi,” deyə Əmir Mərdani böyük üsyanın baş qaldırmasına səbəb olan amilləri dəyərləndirir.
O, üsyanın susdurulması məqsədilə tətbiq edilən zorakılıq və basqılara işarə edərək deyir ki, “qiyamın sərt şəkildə susdurulması xüsusilə adi əhalini qorxutdu və qırağa çəkildilər. Amma bu qiyamın davam etməməsinin əsas səbəbi deyildi. Əsas səbəblərdən biri etirazların hədəfinin açıq və şəffaf ortada olmaması və təşkilatlarda milləti səfərbər edəcək gücün olmaması idi.”
Türk fəal həmçinin may qiyamından sonra milli hərəkata mənsub təşkilatların baş verənləri beynəxalq ictimaiyyətdə əks etməkdə uğursuz qalmalarına diqqət çəkir.
Mərdaninin söylədiklərinə görə, Pişəvəri dövründən sonra və may qiyamından öncə milli düşüncə toplumun tamamında görünmürdü, sadəcə bəzi ziyalılar və yazarlar arasında var idi:
“Misal üçün İran-İraq müharibəsində Güney Azərbaycanda əhali arasında savaşa getməyə böyük istək var idi. Yəni İraqa qarşı savaşmaq və İranın bütünlüyünü qorumaq üçün.”
Əmir Mərdani may qiyamının bu vəziyyətin dəyişməsində önəmli bir dönüş nöqtəsi olduğunu vurğulayır.
Onun sözlərinə görə, indi İran İslam Respublikası yeni bir müharibəyə daxil olsa, “təbii ki, orduda və Sepah-da olanlar gedəcəkdir. Yəni yuxarıdan əmr gələndə getməli olacaqlar. Başqa seçimləri yoxdur. Amma eyni zamanda Sepahdan və ordudan qaçmalar da olacaqdır. İndi toplumun bəzi olaylara münasibətinə baxanda da görünür ki, belə bir müharibə olsa, türklərin buna qatılmaq üçün heç bir istək və maraqları olmayacaq.”
https://www.amerikaninsesi.org/a/emir-merdani-2006-may-qiyami/4389376.html