Təbrizin mərkəzi zindanında oktyabrın 4-dən aclıq aksiyasına başlayan azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi ailəsi ilə telefon əlaqəsi saxlayıb.
Səhhəti getdikcə ağırlaşan fəal, sağlamlıq durumu ilə bağlı ailəsinə qısa məlumat verib.
R.Rəzəvi əlavə edib ki, zindanın təhlükəsizlik bölümünün məsulları, küçələrdə onun azadlığını tələb edən şüarların yazılması, ehsan yeməyi paketlərinin paylanılması və yayılan Bildirilərlə bağlı ondan suallar soruşublar.
Ötən günlərdə bir qrup azərbaycanlı fəal, R.Rəzəvinin aclıq aksiyası xəbərini yaymaq məqsədi ilə Tasua və Aşura günlərində əhali arasında 4 min ehsan yeməyi paketi və Bildiri vərəqələri paylamışdır.
Budan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.
Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.