Keçən dekabr və yanvar aylarında İranda iqtisadi vəziyyət və qadın hüquqları ilə bağlı baş qaldıran etirazlar ilə əlaqədar Təbriz İnqilab Məhkəməsi daha dörd vətəndaşa qarşı həbs hökmü çıxarıb.
İranda insan haqları pozuntularına dair məlumat yayımlayan HRA agentliyinin bildirdiyinə görə, etirazçıların üçü 7 ay, biri isə 5 ay həbsə məhkum olunub.
Bu məlumata əsasən, Sıddiq Əlibeygi Zahid, Rza Fərruxi, Əmir Səttari və Məhəmməd İmami “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edilib.
HRA İnqilab Məhkəməsinin çıxardığı hökmün Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi tərəfindən də qüvvədə saxlanıldığını qeyd edib.
Keçən dekabr ayının son günləri və yanvarın ilk həftələrində Təbriz şəhərində nümayiş keçirmək istiqamətində fəaliyyət göstərən 90 vətəndaşın nəzarət altına alındığı haqda məlumat yayılmışdı.