Amnesty International son vaxtlar İran Azərbaycanında Babək Qalası və Savalan Dağı yürüşləri zamanı baş verən həbslər haqqında türk, fars və ingilis dillərində ətraflı hesabat yayıb.
Beynəlxalq insan haqları təşkilatı hazırda nəzarətdə saxlanılan İbrahim Nuri, habelə İran Azərbaycanında türklərin haqlarını müdafiə edən digər fəalların “barışıq yolu ifadə, təşkilatlanma və toplanma haqlarından istifadə etdikləri üçün” hədəf alındıqlarını bildirib.
Qurumun hesabatına görə, keçən həftələr Şərqi Azərbaycan və Ərdəbil vilayətlərində təşkil olunan Babək Qalası və Savalan Dağı yürüşləri ilə əlaqədar təqribən 120 türk fəal saxlanılıb.
Amnesty International saxlanılanların sərbəst buraxılmasını və İran Azərbaycanında türklərin mədəni qurultaylar və tədbirlərinin basdırılmasına son qoyulmasını tələb edir.
Tehranın Evin həbsxanasında saxlanılan türk fəal İbrahim Nurini vicdan məhbusu adlandıran insan haqları təşkilatı İslam Respublikası rəsmilərindən Nuri və digər fəalların sərbəst buraxılmasını, həmçinin İran Azərbaycanında türklərin mədəni qurultaylar və tədbirlərinin basdırılmasına son qoyulmasını tələb edib.
Hesabatda həmçinin müxtəlif bölgələrdə həbs hökmlərini keçiriməkdə olan fəallar, o cümlədən Lətif Həsəni və Siyamək Mirzayinin durumu ilə bağlı məlumat verilib.
Amnesty International xüsusilə Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınan fəalların işgəncə və pis rəftara məruz qaldıqlarını vurğulayıb.
7 səhifəlik sənəddə yazılanlara görə, Amnesty Internationalın əməkdaşları bu hesabatı hazırlamaq üçün 10-dan artıq şəxslə müsahibə keçirib və bir çox məhkəmə hökmünü nəzərdən keçirib.