Tehran məhkəməsində Dr.Hüseyn Məhəmmədzadə Seddiqin (Düzgün) ETTELAAT Nazirliyinə (İran Kəşfiyyat Nazirliyi) bağlı olan “Azəriha” saytına qarşı şikayətinə baxılıb.

Əldə etdiyimiz məlumata görə, məhkəmə iclası oktyabrın 16-da şikayətçi Dr.Məhəmmədzadə, onun vəkili Cəfər Əfşarniya və müttəhim Salar Seyfəddininin iştirakı ilə Tehran Kompüter Suçları üzrə Məhkəmənin 5-ci Şöbəsində keçirilib. Məhkəmə prosesində müttəhimə qarşı yalan, böhtan və təhqiramiz məlumat yayma ittihamı irəli sürülüb.

Məlumata görə, anti-türk mövqeyi ilə seçilən “Azəriha” saytı Dr.Məhəmmədzadə ilə bağlı böhtan dolu yalan və təhqiramiz məlumatlar yayıb. Dr.Məhəmmədzadə bunun üzərinə sayt məsullarından şikayət etdikdən sonra İranın Kiber Polisi (Fəta) işə başlayıb və araşdırmalardan sonra saytın baş redaktoru Salar Seyfəddini müttəhim kimi təqdim olunub.

Dr.Məhəmmədzadə məhkəmədə müttəhimin yaşı və ruhi vəziyyətini nəzərə alaraq, onu səhvini etiraf etdikdən və üzr istədikdən sonra bağışlamaq istəyib, lakin S.Seyfəddini “mən iki mühüm Nazirliyin müşaviriyəm və ittihamlardan bəraət qazanmaq üçün kifayət qədər sənədim var” deyərək üzr istəməkdən imtina edib. Bundan sonra məhkəmə müttəhim barəsində zəmanət qərarı çıxarıb. O hazırda azadlığa buraxılsa da, “Azəriha” saytında Dr.Məhəmmədzadə haqqında yayılan bütün yazılar saytdan silinib.

“Azəriha “saytı ETTELAAT Nazirliyi tərəfindən Azərbaycan Milli Hərəkatına qarşı təsis edilib. Bu sayt anti-türk və azərbaycanlı milli-mədəni fəallara qarşı yaydığı təhqiramiz və yalan yazılarla seçilir.

Dr.Məhəmməzadə əməkli universitet müəllimi, “Tək derəxt” Nəşriyyat Evinin lisenziya (imtiyaz) sahibi və türk və fars dillərinin  rəsmi tərcüməçisidir. Güney Azərbaycan və Türk dünyasının elmi və ədəbi sahədə böyük fəxri sayılan Dr.Məhəmmədzadə türk dili və tarixi haqda 200 cilddən çox kitabın müəllifidir.

 report