Əlirza Quluncu
Əmir Mərdani İran İslam Respublikasında siyasi və ya hərbi çevrilişin mümkün olmadığını və hazırki hakimiyyətin sadəcə xalqın qiyamı ilə qaldırıla biləcəyini ifadə edib. Amerikanın Səsinə danışan jurnalist və türk fəalın (AZOH sözcüsü) sözlərinə görə, xalq üsyanının nəticə verməsi üçün güclü bir hakimiyyət alternativinin formalaşması zəruridir.
“İslam Respublikasının içəridən islahata getməsi mümkün deyil. İslahatçıların nəzəriyyəçilərindən birinin dediyi kimi, islahatçılar hakimiyyəti islah etmək istədilər, lakin hakimiyyət onları islah etdi... İçəridən çevriliş də mümkün deyil. Çünki İslam Respublikasının rəsmi orduya qarşı Sepahı təşkil etməsi bunun önünü kəsmişdir,” Əmir Mərdani söyləyir.
İsveçdə yaşayan siyasi fəal deyir, “başqa bir yol isə millətin inqilabıdır. Millət cuşa gəlib və sistemi dağıda bilər. Bu, daha çox gündəmdədir... İndi artıq İran toplumu bir böhran vəziyyətindədir. Amma güclü bir hakimiyyət alternativinin mövcud olmadığı üçün bu mərhələni keçə bilmir.”
O, belə bir alternativin yaranmasında ABŞ və digər dövlətlərin rol oynaya biləcəyinə diqqət çəkir.
Mərdaninin dediklərinə görə, iranlı müxaliflər türklərin dəstəyi olmadan bir hakimiyyət alternativinin təşkilinin mümkün olmadığını bilirlər, amma bu dəstəyi Azərbaycana hər hansı bir siyasi status tanımadan almağa çalışırlar.
“İranda müxalifətin hər zaman türklərin yardımına ehtiyacı olmuş və müxtəlif qruplar bunu dilə gətirirlər. Keçmişdə də məlum olmuş ki, Azərbaycanda meydana çıxsa bunun qarşısını almaq çətindir. İranlı qruplar bunu bilirlər amma qiymətini ödəmək istəmirlər. Yəni bu hakimiyyət getsə də Tehran mərkəzli sistemdən əl çəkmək istəmirlər. Buna görə də, [milli hərəkata mənsub] təşkilatlar yerinə birbaşa əhali ilə irtibata keçmək istəyirlər,” deyə o bəyan edir.
Türk fəal əlavə edir ki, “Güney Azərbaycan Milli Hərəkatı da bunu bacarmalıdır ki, gücünü o həddə ortaya qoysun və bunu sübut etsin ki, artıq türklər milli hərəkata səlahiyyət verib və hərəkatı sözçü kimi ortaya qoyublar.”