İranın sabiq təhsil naziri və Həmədan şəhərinin hazırkı millət vəkili Həmid Rza Hacıbabayi məruzəçi olaraq qatıldığı seminarda əllərində plakatlarla türk dilində təhsil və türkcə telekanal açılmasını tələb edən tələbələr ilə qarşılaşıb.
Bu barədə sosial şəbəkələr və İran Azərbaycanı ilə bağlı xəbər yayan internet portallarında məlumat yayılıb.
Tanınmış siyasətçiyə təhsil naziri olduğu dövrdə ana dilinin tədrisi istiqamətində heç bir addım atmadığını xatırladan tələbələr bunun səbəbini sual ediblər.
Sabiq nazir isə deyib ki, “öncə parlamentdə qanun keçməli idi ki, biz icraya qoya bilək.”
2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi həmin dövrdə İranda qeyri-fars şagirdlərin sayı və qarşılaşdığı problemlərə dair açıqlamaları ilə gündəmə gəlmişdi.
Həmədan əhalisinin böyük kəsimi türk olsa da, ana dili ilə bağlı tələblər İran Azərbaycanının sərhəd vilayətlərində səsləndirildiyi qədər Həmədanda gündəmə gəlmir. Buna görə də, Həmədan Tibb Elmləri Universitetində keçirilən seminarda baş verənlər sosial şəbəkələrdə geniş əks-səda doğurub.
2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi həmin dövrdə İranda qeyri-fars şagirdlərin sayı və qarşılaşdığı problemlərə dair açıqlamaları ilə gündəmə gəlmişdi.
“Ölkə şagirdlərinin 70 faizi ikidillidir. Onların ana dili məktəbə girib birinci sinfi bitirdikdən sonra belə farscaya çevrilmir... Birinci sinifdə təhsil uğursuzluğu ilə üzləşən bir şagird sona qədər müvəffəqiyyət əldə edə bilməyəcək,” Hacıbabayi təhsil naziri olduğu dönəmdə ifadə etmişdi.