Hazırda Təbrizin mərkəzi zindanında aclıq aksiyası saxlayan azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvinin ailəsi Urmiyənin İran parlamentindəki millət vəkilinə məktubla müraciət ediblər.
Məktubda fəalın ailə üzvləri İran parlamentinin hüquq-məhkəmə komissiyasının üzvü Ruhulla Həzrətpurdan R.Rəzəvinin dosyesi ilə maraqlanmağı xahiş ediblər.
“R.Rəzəvi ötən il “Qüds” günü mərasimlərində Fələstin və Çində yaşayan uyğur müsəlmanlarının qətlə yetirilməsinə etiraz etdiyinə görə 13 ay həbs cəzasına məhkum edilib. O həmçinin türklərin təhqir edildiyi məlum “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyalarına da qoşulub və hazırda Təbrizin mərkəzi zindanında həbsdədir”- deyə məktubda qeyd olunub.
Məktubun sonunda Urmiyənin millət vəkili və parlamentin hüquq-məhkəmə komissiyasının digər üzvlərindən ədalət naminə həbs qərarının icrasının dayandırılması və dosyeyə ali məhkəmədə baxılması istənilib.
Rəsul Rəzəvi oktyabrın 4-dən Təbriz zindanında aclıq aksiyasına başlayıb. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin onunla bağlı dosye təşkil etməsi və zindanda qeyri-insani davranışlar və işgəncələrə məruz qaldığına etiraz olaraq aclığa başlayan fəal, azadlığa buraxılanadək aksiyanı davam etdirəcəyini bildirib.
Bundan öncə R.Rəzəvi müxtəlif zindanlarda saxlanılan bir neçə digər məhbusla birlikdə tanınmış fəal Abbas Lisaniyə dəstək məqsədilə ötən may ayının 19-da aclıq aksiyasına başlamışdı. Lakin, o, Lisaninin sərbəst buraxılması ilə aclığa son qoymadı və başlatdığı aksiyanı davam etdirdi. O daha əvvəl şərti azadlıq qanununa şamil olan 6 ay həbs müddətinin təkrar icraya qoyulması və haqqında başladılmış əlavə bir məhkəmə prosesinin gedişatına etiraz bildirmək üçün aclıq aksiyasına başlamışdır. Fəal 28 gün aclıqdan sonra Azərbaycan Milli Hərəkatı ağsaqqlarının müraciətindən sonra aksiyanı dayandırmışdır.
Təbrizli fəal müxtəlif tədbirlər, o cümlədən, Uyğur türklərinə dəstək mitinqləri və “anti-irqçilik” nümayişlərinə qatıldığı zaman nəzarət altına alınıb və məhkəmədə həbs hökmü ilə qarşılaşıb.