Ərdəbil ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Şöbəsinin əməkdaşları oktyabrın 28-də yerli vaxtla saat 13 radələrində azərbaycanlı milli-mədəni fəal Mahmud Nəsirinin mağazasına müraciət edərək onu yaxalamaq istəyiblər, lakin mağaza bağlı olduğundan məmurlar onun evinə üz tutublar. Məhkəmə hökmü göstərmədən evə daxil ETTELAAT əməkdaşları fəalın həyatı yoldaşını təhdid edərək ondan Nəsiriyə zəng etməsini tələb ediblər. Fəalın həyat yoldaşı isə ona zəng etməkdən imtina edib və məmurlara bildirib ki, “onunla işiniz varsa özünüz tapın, mən kimsəyə zəng edən deyiləm.”
ETTELAAT əməkdaşları evdə axtarış apardıqdan sonra fəala məxsus şəxsi əşyalar, o cümlədən bir neçə kitabı götürüblər. Onlar bildirib ki, M.Nəsiri son 3 gündə bir neçə dəfə ETTELAAT Şöbəsinin Xəbər Mərkəzinə çağırılıb, lakin o idarəyə gəlməkdən imtina edib. “Əgər dosyesinə baxılmaq üçün bir neçə gün ərzində idarəyə müraciət etməzsə, buna çox peşman olacaq” deyə ETTELLAT əməkdaşları xəbərdarlıq edib.
Əldə etdiyimiz məlumata görə, ETTELAAT əməkdaşları azərbaycanlı fəalla əlaqə saxlayaraq onu son günlərdə idarəyə çağırıldığını mətbuata çıxardığı üçün Xəbər Mərkəzinə çağırıblar. Fəal isə telefon əlaqəsi ilə heç yerə getməyəcəyini bildirərək, onlardan qanun çərçivəsində hərəkət etmələrini tələb edib.
Oktyabrın 24-də M.Nəsiri ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil Şöbəsinə çağırılaraq təhdid edilib.
Fəal ETTELAAT Şöbəsinin Xəbər Mərkəzində, ümumi məkanlardakı açıqlamaları və son günlərdə yazdığı “İnternet Azərbaycan Milli Hərəkatı üçün fürsət yoxsa təhdiddir” başlıqlı məqaləsi ilə bağlı sorğu-suala tutulub. O həmçinin tanınmış fəal Abbas Lisani və digər ərdəbilli fəallarla əlaqədar dindirilib.
Sonda isə fəala bildirilib ki, ETTELAAT Şöbəsinə çağırıldığını mətbuata çıxarmasın, əks halda ona qarşı tədbir alınacaq.