Əlirza Quluncu
Bu yaxınlarda Varşavada təqribən 60 ölkənin iştirakı ilə Yaxın Şərq üzrə Beynəlxalq Konfransın keçirilməsi ilə bərabər İran müxalifətinə mənsub bəzi qüvvələr də Polşanın paytaxtında toplantılar və mitinqlər təşkil ediblər. Bu toplantıların birinə qatılan türk fəal Əmir Mərdani Amerikanın Səsi ilə söhbətdə baş verənləri şərh edib.
Yaxın Şərq üzrə Beynəlxalq Konfransın hədəflərini dəyərləndirən Əmir Mərdani xüsusilə İran İslam Respublikasına müxalif qüvvələri birləşdirmək hədəfinə diqqət çəkir.
“Ümumiyyətlə, bu konfransın amaclarından biri bu ola bilər ki, Amerika İrana qarşı siyasətini daha ciddi şəkildə yürütmək istiqamətində İranın müxalif qüvvələrini birləşdirmək istəyir,” türk fəal deyir.
Tramp administrasiyası Varşava görüşündə İran məsələsinin gündəmdə olmasını istəyirdi. Lakin təşkilatçılar İsrail-Fələstin münaqişəsi, Suriya və Yəməndə İŞİD-ə qarşı mübarizənin də önəmini irəli sürərək, konfransın gündəliyinə salıb.
Əmir Mərdani İran müxalifətindən üç əsas hərəkata mənsub qüvvələrin Varşavaya səfər etdiyini bildirir:
“İran müxalifətini ümumi qruplara ayırsaq, oraya üç əsas qrup gəlmişdi; Xalqın Mücahidləri, şahçılar, monarxist qüvvələr və qeyri-fars millətlərə mənsub qüvvələr.”
Milli fəalın sözlərinə görə, Varşavada 10 qeyri-fars təşkilat birgə bəyanat imzalayaraq İran İslam Respublikasına qarşı beynəlxalq ittifaqlara dəstək verəcəklərini bildiriblər.
“Biz qeyri-farslar olaraq 12-13 fevralda orada Əhvaz Azadlıq Hərəkatı (ərəb icmasına mənsub siyasi partiya) başçılığında böyük bir toplantı keçirməyi düşünürdük. Düşünülürdü ki, təxminən 100-150 nəfərə yaxın qeyri-fars təşkilatlara mənsub fəallar orada toplansın, və ondan sonra beynəlxalq konfransın keçirildiyi yerdə bir aksiya keçirilsin,” Mərdani qeyd edir.
Lakin onun dediklərinə görə, Polşanın təhlükəsizlik qüvvələri bu tədbirlərin planlaşdırıldığı şəkildə keçirilməsinə icazə verməyiblər: “Həm konfransın keçirildiyi məkanı bağlamağa çalışdılar, həm də, 50-dən artıq qeyri-fars qüvvələrə mənsub fəalları hava limanından geri göndərdilər.”
Əmir Mərdani əlavə edir “amma yenə də böyük cəhdlər oldu və qeyri-fars qüvvələrin toplantısı keçirildi. 10 təşkilat birgə bəyanat imzaladı və bu bəyanat Varşava konfransına qatılanlara çatdırıldı.”
O, həmçinin İran müxalifətinə mənsub müxtəlif qüvvələrin Varşavada keçirdiyi aksiyalar haqqında Amerikanın Səsinə məlumat verib: “Varşavada üç fərqli yerdə aksiyalar oldu. Polşa təhlükəsizlik qüvvələri şahçılar, mücahidlər və biz qeyri-farsları bir-birimizdən uzaqda tutdular ki, hər hansı bir kontakt olmasın.”
“Olanlara baxanda, ümumiyyətlə bu nəticə də alına bilər ki, Amerika bir tərəfdən də qeyri-fars millətlər və əlavə olaraq İranın fars toplumuna mənsub olan müxalifəti birgə çalışmağa məcbur etmək istəyir,” Əmir Mərdani əlavə edir.
https://www.amerikaninsesi.org/a/4799950.html