Türk dil hüquqları fəalları Tovhid Əmir-Əmini və Kiyanuş Aslani təqribən dörd həftədir Tehranda təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılırlar.
İnsan haqları pozuntularına dair xəbərlər yayan HRA agentliyinə istinadən, fevralın 21-də fəallara qarşı irəli sürülən ittihamlar və onların hazırkı vəziyyətləri ilə bağlı ailələrinə məlumat verilmir.
Əmir-Əmini və Aslaninin Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar olaraq nəzarət altına alındıqları bildirilir.
Tovhid Əmir-Əmini keçən beş il ərzində Babək Qalası yürüşü və anti-irqçilik etirazları ilə əlaqədar bir neçə dəfə nəzarət altına alınaraq, həbs və şallaq cəzalarına məhkum edilib.
UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.
Xüsusilə də 2007-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.