Azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi barəsində çıxarılan 6 aylıq həbs qərarının icrası üçün Təbrizin mərkəzi zindanında həbs edilib.
Urmu gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və dindirildikdən sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılan fəal, 6 aylıq həbs cəzasını çəkmək üçün oktyabrın 30-da Təbrizin mərkəzi zindanında həbs olunub. Onun hazırda həbsxananın karantin bölümündə saxlandığı bildirilir.
Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi əsassız olaraq azərbaycanlı fəalı sistemin əleyhinə təbliğ ittihamı ilə azadlıqdan məhrum edib.
B.Şeyxi 2011-ci il oktyabrın 12-də Urmu gölünün qurudulmasına qarşı keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən Tehranda yerləşən öz şəxsi evində yaxalanıb və Təbrizə intiqal edilib. O Təbriz ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Şöbəsinin təcridxanasında 25 gün saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəal 2012-ci il mayın 18-də Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsində hakim Həmlbərin sədrliyi ilə keçirilən məhkəmə iclasında mühakimə olunub. Milli təhlükəsizliyi pozmağa cəhd göstərmək ittihamından bəraət qazanan fəal, sistemin əleyhinə təbliğ ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. Həhkəmə qərarı Apelyasiya Məhkəməsi (təcdide nəzər məhkəməsi) tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.
B.Şeyxi bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, aylarca saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.