İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrundakı fəaliyyətinə görə həbsdə saxlanılan dinc fəal Siyamək Mirzayinin məhkəməsinin ilk iclası keçirilib.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, oktyabrın 27-də (abanın 5-də) Tehrandakı Gülüstan inqilab məhkəməsində hakim Rəcəbinin sədrliyi ilə keçirilən iclasda, azərbaycanlı fəal, əcnəbilərlə əlaqə saxlayaraq ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılıb. Məhkəmə iclasının gedişini yaxından izləyən Siyamək Mirzayinin atası jutrnalistlərə bildirib ki, oğlu, 5 saata yaxın sürən məhkəmə iclasında özünü müdafiə edərək ona qarşı irəli sürülən ittihamları rədd edib və həbsinin qanunsuz olduğunu bildirib. O deyib ki, sadəcə olaraq sivil mədəni fəaliyyət apardığına görə ona iş açılıb və o tamamilə özünü günahsız sayır.
Məhkəmə hakimi azərbaycanlı fəalın atasına bildirib ki, oğlunun dosyesi İslamşəhr inqilab məhkəməsinə göndərildikdən sonra, o 1 milyard tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxıla bilər.
İranın təhlükəsizlik qüvvələri, Siyamək Mirzayini iyulun 14-də Ərdəbilin yaxınlığında, Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutub ETTELAAT idarəsinə aparsalar da, o iyulun 15-də xanımına zəng vuraraq Tehranın Evin zindanının 209-cu korpusuna köçürüldüyünü və barəsində müvəqqəti həbs qərarı çıxarıldığını bildirib. Fəalın saxlanıldığı müddətdə fəal müxtəlif psixi və fiziki təzyiq və işgəncələrə məruz qoyulduğu bildirilir.