Tehran Prokurorluğu iyunun 28-də Evin Həbsxanasında üçillik həbs müddətini tamamlayan türk fəal Siyamək Mirzayinin sərbəst buraxılmasına icazə verməyib.
Siyamək Mirzayi 2016-cı ilinin iyun ayında İran Azərbaycanının Muğan bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındıqdan bəri həbsdə saxlanılır.
Amerikanın Səsinin siyasi məhbusun yaxınlarından əldə etdiyi məlumata görə, Mirzayiyə qarşı yeni ittihamlar onun “həbsdə ikə Abbas Lisani və digər türk fəallarla telefon vasitəsi ilə əlaqə saxlaması” və daha əvvəl keçirdiyi aclıq aksiyası ilə əlaqədar olaraq irəli sürülüblər.
İyun 2016-da nəzarətə alınan Mirzayini Tehranda Baharistan İnqilab Məhkəməsi 10 il həbs və iki il sürgün cəzasına məhkum etmişdi. Tehran apellyasiya məhkəməsi daha sonra milli fəalın şikayətinə baxıb, hökmü 3 il həbs və Cənubi Xorasanın Təbəs şəhərində bir il sürgündə yaşamaq cəzasına dəyişdirmişdi.
Məhbusun iyunun 28-də sərbəst buraxıldıqdan sonra sürgünə göndəriləcəyi gözlənilirdi, amma Tehran Prokurorluğu onun yenidən mühakimə ediləcəyini bildirərək 30 milyon tümənlik mülki zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılacağını açıqladı.
Türk fəalın ailəsi iyunun 30-da mülki zəmanətlə müraciət etsələr də, prokurorluğun açıqlamasına baxmyaraq, Mirzayinin azadlığına icazə verilməyib.
O, həsb müddətində Tehran vilayətinin prokuror müavininə müraciət edərək ailə üzvlərinin təhlükəsizlik qüvvələrinin basqı və əziyyətlərinə məruz qaldığını açıqlamışdı.
Mirzayini 2016-cı ildə məhkum edən məhkəmə onu “pantürkist” fəaliyyətlər göstərməkdə günahlandırmışdı.
“Müttəhim 2006-cı ildə Pantürkist mahiyyətli fəaliyyətlərini davam etməyəcəyinə dair söz versə də, bu növ fəaliyyətlərə davam edib,” türk fəala qarşı çıxarılan məhkəmə sənədində qeyd edilmişdi.
Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında pantürkizm ittihamını “anlaşılmaz şəkildə yazılmış” bir ittiham kimi dəyərləndirir.
Siyamək Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.