Xəbər verdiyimiz kimi, azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi noyabrın 1-də Təbriz zindanında bir qrup məhbus və həbsxana məsullarından olan Sultani adlı birisi tərəfindən döyülüb.

Döyülərkən baş nahiyyəsindən yaralanan fəal bu vəziyyətə etiraz olaraq noyabrın 1-dən aclıq aksiyasına başladığını elan edib. O məsələyə baxılanadək aksiyanı davam etdirəcəyini bildirib.

Məlumata görə, fəal yaşanan hadisədən sonra həbsxananın xüsusi korpusuna aparılıb, lakin bir gün sonra 12-ci korpusa geri qaytarılıb. Azərbaycanlı fəal zindan məsullarından ona Soltanidən rəsmi olaraq şikayət də edib.

Xatırladaq ki, Təbriz zindanının 12-ci korpusunda saxlanılan H.Əliməhəmmədi noyabrın 1-də 3 nəfər məhbus və zindan məsullarından olan Sultani adlı birisi tərəfindən döyülüb.

 Belə ki, məhbuslardan üçü naməlum səbəbdən  H.Əliməhəmmədi ilə dalaşıb və onu döyüblər. Azərbaycanlı fəal zindan məsullarına müraciət edərək onunla savaşan məhbusların cəzalandırılmasını istəyib, bundan sonra korpusa gələn Soltani sözügedən məhbusları deyil, H.Əliməhhəmədini döyüb. Həmin korpusda saxlanılan azərbaycanlı fəal Murtaza Muradpurun da bu vəziyyətə etiraz etdiyinə görə korpus rəisinin yanında və onun dəstəyi ilə Sultani tərəfindən döyüldüyü bildirilir. M.Muradpur aclıq aksiyasında olduğu üçün aldığı zərbələr nəticəsində huşunu itirib.

Təbriz zindanından əldə edilən məlumata görə, zindan məsulları səsgücləndirici ilə bütün məhbusları adı çəkilən fəallardan şikayət etməyə və şikayətlə bağlı imza toplamağa çağırıblar.

 report