Keçən aprel və may aylarında güclü yağıntı və daşqınlar nəticəsində Urmiyə gölündə yüksələn su səviyyəsinin havanın qızması ilə yenidən azalmağa başladığı bildirilir.
Əlaqədar dövlət qurumları gölün səviyyəsinin yay mövsümündə azalmasını normal və təbii hal kimi dəyələndirsələr də, bu, ətraf mühit fəallarının narahatlığını azaltmır.
Şərqi Azərbaycan vilayəti regional su şirkətinin eksperti Əqil Əqdəsi su səviyyəsinin oktyabr ayına qədər azalmaqda davam edəcəyini bildirib.
İRNA agentliyinə danışan ekspert deyib ki, Urmiyə gölünün səviyyəsinin azalma sürəti havanın hərarəti və yağıntı miqdarına görə dəyişə bilər.
Prezident Həsən Ruhani keçən aprel ayında Urmiyə gölünün səviyyəsinin yüksəlməsini hökümətinin uğuru olaraq açıqlamışdı. Türk fəallar və ətraf mühit müdafiəçilərindən əlavə, bəzi siyasətçilər də Ruhaninin iddialarının doğru olmadığını önə çəkiblər.
Ətraf mühit fəalları deyirlər ki, Urmiyə gölündə su səviyyəsinin yağıntı mövsümündə yüksəlməsi dövlətin uğuru kimi açıqlandığı halda, suyun səviyyəsinin yay mövsümündə azalması təbii amillərlə əlaqələndirilir.
Ekspertlər Urmiyə gölü ətrafında mövcud ekoloji fəlakətin Təbriz və Urmiyə kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyi bildirirlər.