Tanınmış fəal Qulamrza Əmaninin müəmmalı ölümünün 11-ci ildönümü mərasimində təhlükəsizlik qüvvələri bir sıra milli fəalı həbs edib.
Saxlanılanlar 100 milyon tümən zəmanət müqabilində Təbriz Mərkəzi Həbsxanasına köçürülüblər. Həbs edilən türk fəallar oktyabrın 25-də Təbrizin Maralan qəbristanlığında milli fəalın ölümünün 11-ci ildönümü münasibətilə keçirilən mərasimdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
Sosial mediada yayımlanan məlumata görə, təhlükəsizlik qüvvələri güneyli milli fəalları həbs edərkən qəbristanlıqda olan xalqın etirazı ilə qarşılaşıblar.
Saxlanılan fəallar Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə aparılıb, orada onlara qarşı ittihamlar müəyyənləşdirilib. Araz News saytı saxlanılanların sayının 8 nəfər olduğunu bildirib.
Şəhruz və Şahin Bərzigər həmin gün evdə olduqları zaman təhlükəsizlik qüvvələrinin evə hücumu vaxtı tututublar. Şahidlərin sözlərinə görə, kəşfiyyat qüvvələri Şəhruz Bərzigəri tutduqları zaman döyüblər.
Şəhruz və Şahin Bərzigər, Yusuf Rəzəvi, Babək Hüseyni Müqəddəm, Cəlil Bəymühəmmədi kimliyi hələ bəlli olmayan digər 3 nəfər ilə birlikdə Təbriz Mərkəzi Həbsxanasına köçürülüblər.
2008-ci ilin oktyabr ayında avtomobil qəzası nəticəsində həyatını itirən tanınmış fəal Qulamrza Əmani daha öncə fəaliyyətləri ilə əlaqədar olaraq ömrünün təqribən beş ilini Təbriz zindanında keçirmişdi.